Əsas Səhifə > Dünya > ABŞ və Rusiyanın ortaq fəaliyyəti mümkünsüzdür

ABŞ və Rusiyanın ortaq fəaliyyəti mümkünsüzdür


Bu gün, 06:29

ABŞ və Rusiyanın qlobal güc balansını yenidən müəyyənləşdirmək uğrunda atdıqları addımlar diqqət çəkir. Serbiya Prezidenti Aleksandr Vuçiç dövlət televiziyasına müsahibəsində bildirib ki, Donald Tramp və Vladimir Putin yeni dünya nizamı qurmağa çalışırlar və Avropa Birliyinə o qədər də rəğbət bəsləmirlər. Vuçiç qeyd edib ki, onların danışıqları yalnız Ukrayna ilə məhdudlaşmır, həm də Arktika, nadir metallar, enerji resursları və digər strateji sahələri əhatə edir. Bu isə göstərir ki, yeni dünya düzəni yalnız iki ölkənin iradəsi ilə həyata keçirilə bilməz.
 
Politoloq Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında Serbiya lideri Aleksandr Vuçiçin bəyanatlarında müəyyən həqiqətlərə toxunduğunu bildirib: "Doğrudan da, ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin dünyanın yenidən bölüşdürülməsində maraqlı olduqlarını gizlətmirlər. Hətta onlar yeni dünya düzəni qurmaq niyyətlərini də açıq şəkildə ifadə edirlər.
Lakin burada önəmli məqamlardan biri ondan ibarətdir ki, bu prosesi nə ABŞ, nə də Rusiya təkbaşına həyata keçirə bilər. Çünki dünyada ABŞ və Rusiyadan fərqli olaraq, avanqard mövqeyə malik digər dövlətlər, eləcə də Avropa Birliyi kimi nəhəng beynəlxalq qurumlar mövcuddur. Bu siyasi güc mərkəzləri yeni dünya düzəninin formalaşdırılması prosesində öz maraqlarını qorumaqda və orada layiqli yer tutmaqda israrlı olacaqlarına şübhə yoxdur".
 
Analitik ABŞ və Rusiyanın ortaq fəaliyyət göstərməsinin, praktiki baxımdan, mümkünsüz olduğunu vurğulayıb:
"Son hadisələr də göstərir ki, Tramp və Putin arasında keçirilən görüşlərdə müəyyən razılaşmalar əldə olunsa da, Rusiya sonradan bu razılaşmaları kobud şəkildə pozur. Nəticədə Trampın qarşıya qoyduğu məqsədlərin reallaşması baş tutmur.
Beləliklə, Tramp və Putinin razılaşmaları demək olar ki, heç bir pozitiv nəticə vermir. Buna görə də əminliklə demək olar ki, nə Tramp-Putin, nə də ABŞ-Rusiya ortaq şəkildə hər hansı qlobal prosesi idarə edə bilərlər. Bu baxımdan, onların yeni dünya düzəni qurmaq planları reallıqdan uzaq görünür və həyata keçmə ehtimalı olduqca aşağıdır".

Geri qayıt