Rusiya yanacaq bazarında vəziyyət getdikcə gərginləşir. Yeniavaz.com “Forbes” nəşrinə istinadən xəbər verir ki, sentyabrın sonlarından etibarən ölkənin bir çox bölgələrində, o cümlədən Rusiyanın nəzarəti altında olan Krım yarımadasında yanacaq satışı ilə bağlı məhdudiyyətlər tətbiq olunub. Krım benzin satışını rəsmi şəkildə müştəri başına 20 litrə qədər məhdudlaşdıran ilk region olub. Bölgənin rəhbəri Sergey Aksyonov sentyabrın 25-də yanacaqdoldurma məntəqələrində çatışmazlıq olduğunu etiraf edib. Daha sonra treyderlərlə keçirilən görüşdən sonra satış limitinin 30 litrə qədər müəyyənləşdirildiyi bildirilsə də, oktyabrın 1-də bu məhdudiyyət 20 litrə endirilib. Ölkənin digər regionlarında da vəziyyət gərginləşib. Oktyabrın 13-də Novosibirsk vilayətində müstəqil yanacaqdoldurma məntəqələri Aİ-92 və Aİ-95 markalı benzinin satışını dayandırıblar. “Sibir-GSM” assosiasiyasının prezidenti Sergey Latskixin sözlərinə görə, hazırda Novosibirskdə bu markalı benzin yalnız “Qazprom” stansiyalarında satılır. Rusiya hökuməti yanacaq ixracına qoyulan qadağanı ilin sonuna qədər uzadıb. Avqustun əvvəlindən etibarən benzinin topdansatış qiymətləri 12 faiz artıb. Sankt-Peterburq birjasında Aİ-95 markalı benzinin qiyməti rekord həddə çataraq ton üçün 80 460 rubl (981 dollar) olub. Ekspertlər bildirirlər ki, yanacaq böhranı əsasən neft emalı zavodlarının planlı texniki xidmət və zədələnmə səbəbindən fəaliyyətini dayandırması ilə əlaqədardır. “Oil and Capital” jurnalının baş redaktoru Vladimir Bobylevin fikrincə, ölkədə emal gücünün təxminən 40 faizi itirilib və yanacaq ehtiyatları azalmaqdadır. Dövlət Dumasının Tikinti və Kommunal Təsərrüfat Komitəsinin sədr müavini Aleksandr Aksenenko vəziyyəti “kritik” adlandırıb: “Yanacaq qıtlığı artıq bütün ölkə üzrə hiss olunur – həm sadə vətəndaşlar, həm də biznes üçün ciddi problemlər yaradır”.
Geri qayıt
|