Əsas Səhifə > Dünya > 3 il əsirlikdə: "Pəncələrimizə vururdular ki, gəzə bilməyək"

3 il əsirlikdə: "Pəncələrimizə vururdular ki, gəzə bilməyək"


Bu gün, 02:31

Ukraynanın Xerson şəhərinin keçmiş meri Volodimir Mikolayenko üç il Rusiya əsirliyində qalıb. O, işgəncələrdən, aclıqdan necə sağ çıxdığını nəql edir.

Rusiya qüvvələri Mikolayenkonu 2022-ci ilin aprelində, genişmiqyaslı işğalın ilk həftələrində oğurlayıblar. O, uzun müddət itkin sayılıb. Bu il avqustun 24-də – Ukraynanın Müstəqillik Günündə əsir mübadiləsi çərçivəsində azad olunub.

65 yaşlı Mikolayenko xeyli arıqlayıb, zəif və cüssəsiz görünür. Amma ruhu möhkəmdir və azadlığa alışmağa çalışır.

“İllərlə yalnız barmaqlıqlar və beton gördüm. Azadlığa çıxanda ilk gördüyüm yaşıllıq, çiçəkləyən ağaclarımız oldu. Bu hədiyyəyə görə minnətdaram”, – azadlığa çıxdıqdan bir neçə həftə sonra o, Kiyevdə AzadlıqRadiosunun Krım.Reallii layihəsinə danışıb.

Mikolayenko əsirlikdə 25 kiloqram arıqlayıb.

Amma artıq işləməkdən danışır – ya Xersonun bərpasına, ya da əsirlikdə olan ukraynalıların azad olunması səylərinə kömək etmək istəyir.

Merdən müdafiəçiyə

2022-ci il fevralın 24-də Rusiya genişmiqyaslı işğala başlayanda Volodimir Mikolayenkonun 62 yaşı vardı. O, Xerson şəhər şurasının üzvü, 2014–2020-ci illərdə şəhərin meri olmuşdu. Müharibə başlayınca Könüllü Ərazi Müdafiə qüvvələrinə qoşulur.

Naddnipryanske keçidi, Xersonu Dnepr çayının şərq sahili ilə birləşdirən Antonivski körpüsü yaxınlığında silah əldə etdiyini xatırlayır. Onda Rusiya artilleriyası şəhərə gedən yolları atəşə tuturdu.

Ukrayna qüvvələri cavab zərbələri ilə keçidi dağıtmağa, bəlkə də körpünü sıradan çıxarmağa çalışırdı. “Xerson vilayətində bir dənə də olsun körpünün partladılmadığına təəccübləndim”, – Mykolayenko xatırlayır.

Şərqdə isə istisna baş verdi – 23 yaşlı əsgər Vitali Skakun Heniçesk körpüsünü öz həyatı bahasına partlatdı və Rusiya kolonunun irəliləməsini ləngitdi.

Ukraynalıların müqavimətinə baxmayaraq, Rusiya zirehli texnikası Xersona çox sürətlə yaxınlaşdı.

“Çox tez gəldilər. Elə bil yolları təmizlənmişdi, bircə qırmızı xalça çatışmırdı”, – deyən Mykolayenko bu gün də inanır ki, işğalçıların irəliləməsində yerli satqınların rolu olub.

Az keçməmiş Xerson sakinləri işğalçılara silahsız, kütləvi etirazlarla müqavimət göstərdilər.

2022-ci il martın əvvəlində minlərlə insan silahlı əsgərlərin qarşısına çıxaraq “Slava Ukraini!” (Ukraynaya eşq olsun!) və “Ar olsun!” şüarları səsləndirdi.

Ən böyük mitinq martın 13-də keçirilib.

“Sovet dövründə belə bu qədər adam görməmişdim. Xersonun təslim olmayacağına inanırdım. O izdiham, on min, bəlkə də daha çox idilər, məni heyrətləndirdi”, – Mykolayenko danışır.

“Silahlılar məni baqaja atdı”

Xerson apreldə Rusiya qoşunlarının nəzarətində idi. Mikolayenko “tələ” adlandırdığı bir duruma düşməsindən danışır.

Ərazi Müdafiəsindən olduğunu iddia edən bir şəxs Mikolayenkoya deyib ki, həssas məlumatı Ukrayna hakimiyyətinə çatdırmalıdır. Onlar görüşməyə razılaşıblar:

“Bir maşın sürətlə gəldi. Silahlı kişilər məni baqaja atdı və işgəncə kamerasına çevrilmiş polis bölməsinə apardılar”.

Bundan sonra Mikolayenkonu Rusiyanın işğal etdiyi Krımın Sevastopol şəhərinə, oradan isə Rusiyanın Voronejdəki Borisoqlebsk şəhərinə aparılıb, orada beş ay saxlanılıb.

2022-ci ilin oktyabrında Moskvadan təxminən 200 kilometr şərqdə yerləşən Vladimir bölgəsindəki Pakino cəza koloniyasına göndərilib. Ötən ay azad olunanacan orada qalıb.

Mikolayenko koloniyadakı amansız şəraitdən, gördüyü davamlı fiziki və psixoloji işgəncələrdən söz açır:

“Döyülmə, dindirmələr, alçaldılma 24 saat davam edirdi. Əlini divara qoyub dayanmağa məcbur edirdilər və rezin çubuqla vururdular ki, şişsin. Pəncələrinə vururdular ki, gəzə bilməyəsən”.

Aclıq içində

Mikolayenkonun həbsdə bu qədər çəki itirməsi təəccüblü deyil. Orada dustaqlar daim aclıq çəkiblər.

“Nahara bulanıq şorba verilirdi. Bir dəfə bəxtim gətirdi: mənə yeddi arpa dənəsi düşdü. ‘Çempionsan’, deyə zarafat edirdilər. Qaşığa ehtiyac yox idi, altı-yeddi qurtumla bitirdi. ‘İkinci yemək’ qaynadılmış kartof qabığından ibarət idi. Və bir parça çörək. Bunlar bizi acından ölməyə qoymurdu”, – o danışır.

Beton həyətə çıxmağa icazə veriləndə isə Mikolayenko digər məhbuslarla asfaltın çatlarından çıxan gicitkənləri toplayıblar:

“Vitamin ala bilmək üçün yeyirdik”.

Mikolayenko danışır ki, onu işgəncələr altında Moskvayla əməkdaşlığa məcbur etməyə çalışıblar. Amma bu zorakı təkliflərə müqavimət göstərə bilib.

Digərlərinin isə o qədər də bəxti gətirməyib:

“Bəziləri özünü asmağa, damarlarını, boğazını kəsməyə çalışırdı. Bəziləri döyülməkdən üst-başını batırırdı; dözə bilmirdilər”.

“Ana, səni çox sevirəm”

Mikolayenkonun adı 2022-ci ilin yazında əsir mübadiləsi siyahısında görünsə də, azad olunması üç ildən çox çəkib.

Danışır ki, bir dəfə azadlığa çıxmağına “bircə addım” qalıb, paltarını geyinibmiş, bu zaman gənc, ağır xəstə və ağılını itirmək üzrə olan bir məhbusu görüb.

Mikolayenko getməkdən imtina edib, nəzarətçilərə həmin gəncin buraxılması üçün yalvarıb:

“Ya o, ya mən. Dedim ki, ‘uşağı götürün. Onun sağalmaq şansı var idi”.

Üç ilə yaxın həbsdə olduqdan sonra azadlığa çıxanda ilk zəngini Ukrayna Silahlı Qüvvələrində xidmət edən qızına edib. Anasının hələ sağ olduğunu, bir gün sonra 91 yaşına girəcəyini öyrənir. Onunla danışanda “Ana, səni çox sevirəm” sözlərini dilə gətirir.

“Bu həyatda ailəmizə çox az mehriban sözlər deyirik. Yalnız orada [həbsdə] olarkən nə qədər dəyərli olduqlarını anlayırsan”, – Mikolayenko bildirir.

Doğma şəhəri Xerson 2022-ci ilin noyabrında azad edilib. Amma şəhər dağıntılar içindədir, anasının evi dağılıb, özünün mənzilinə ziyan dəyib.

Ailəsi isə şəhərdən heç çıxmayıbmış. Həbsdə ikən onlarla əlaqəsi olmayıb, sağ qalıb-qalmadıqlarını bilməyib.

Mikolayenko indi də dinc oturmur. Deyir, Xersona qayıdıb şəhərin bərpasına kömək etmək, yaxud digər məhbusların azadlığı üçün çalışmaq istəyir:

“Hər gün özümü narahat hiss edirəm – dostlar oradadır, mən isə azadlıqda. Baş nazir müavini İrina Vereşçuka demişəm ki, könüllü kimi də olsa, kömək etməyə hazıram”.

Pressklub.az


Geri qayıt