Əsas Səhifə > Dünya > İran, Əməvilərin yolunu gedir

İran, Əməvilərin yolunu gedir


Bu gün, 07:56

İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Qafqaz bölgəsinin İran üçün qədimdən bəri böyük əhəmiyyət daşıdığını iddia edib. Bu barədə o, X sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, Qurani-Kərimdə haqqında təriflə danışılan Zülqərneynin, böyük təfsir alimi Allamə Təbətəbainin də vurğuladığı kimi, Böyük Kir (Kuroş) olduğu fikrinə işarə edərək Herodotun yazısına istinadla bildirib: “Kuroş dövründən etibarən Qafqaz İranın təhlükəsizlik kəməri olub. Onlar bu bölgədə barbar tayfaların hücumlarının qarşısını almaq üçün bir sədd inşa edib” (Mənbə: Musavat.com).

Əli Əkbər Vilayətinin bu sərsəm fikirləri üzərində çox dayanmayacağam. Sadəcə onu xatırlatmaq istəyirəm ki, İslam tarixində, adətən, mürtəce rejimlərin sözü qurtaranda Qurana sığınıblar. Özlərinə sərf edən təfsirlərlə, təbii ki.

Quranı dünyəvi nəfslərinin alətinə çevirənlərdən ilki isə Əməvi xilafətinin qurucusu Müaviyyə olub. Tarixi mənbələrin bildirdiyinə görə, Sıffin savaşında məğlub olacaqlarının qaçılmaz olduğunu hiss edən Müaviyyə ordusuna əmr verir: Quranı nizənizə taxın, Həzrət Əlini müqəddəs kitaba silah qaldırmaqla müharibəni dayandırmaq seçimi qarşısında qoyun. Həqiqətən də bu taktika işə yarayır və Həzrət Əli öz ordusunda iki tirəliyin yarandığını görüb Əməvi tör-töküntülərini tamamilə məhv etmək fikrindən daşınır. Bununla da Həzrət Əli ordusunda xaricilər ortaya çıxır, şiə dünyasının ilk imamı kimi qəbul olunan Həzrət Əli qətlə yetirilir, beləcə, müsəlman dünyasında 14 əsrdir davam edən və İslam coğrafiyasını qana bələyən məzhəb müharibələrinin təməli qoyulur. Bir sözlə, müqəddəs kitabdan öz dindaşlarına qarşı silah kimi istifadə olunması böyük şərdir və nə yazıq ki, bundan hazırda şiəliyin davamçısı kimi çıxış edən İran İslam Respublikası Azərbaycana qarşı faydalanır.

Sözsüz ki, Qurandan silah kimi istifadə olunmasının necə böyük xəyanət olduğunu qanlı təcrübələri ilə öyrənən İslam dünyası və onun ən məsum parçası olan Azərbaycan İranın bu fitnələrinin də təsirinə düşməyəcək, İranın Əməvilərdən miras aldığı bombası öz əlində partlayacaq.

Mənim isə Vilayətiyə və onun dini lideri Xameneiyə bir məsləhətim var: Mövlana deyirdi ki, ya göründüyün kimi ol, ya da olduğun kimi görün. Siz ki, artıq Əməvi yolunu seçibsiniz, onda lütfən dövlətinizin adını da dəyişib İran Əməvi Cümhuriyyəti qoyun. Onsuz da nə qədər əsl simanızı gizlətsəniz belə, Allah sizi İslam dünyasında təfriqələr yayan Müaviyyə nəslinin nümayəndələri ilə eyni müttəhimlər kürsüsündə oturdaraq yarğılayacaq. Barı Məhkəməyə-Kübraya maskasız çıxın.

Heydər Oğuz - "DİA-AZ"


Geri qayıt