Əsas Səhifə > Dünya > Tokayevin Türkiyəyə səfərinin geosiyasi əhəmiyyəti
Tokayevin Türkiyəyə səfərinin geosiyasi əhəmiyyətiBu gün, 15:13 |
Hardasa bir həftə əvvəl (29 iyul 2025) Qazaxıstan prezidenti Qasım Cömərd-Tokayevin Türkiyəyə səfəri baş tutdu. Bəri başdan deyim ki, bu səfəri nəinki Türkiyə-Qazaxıstan və Türk dünyasının geopolitikasında, hətta bütün dünya miqyasında mühüm dəyişikliklərə yol açacaq dəyişikliklərin başlanğıcı saymaq olar. Amma təəssüf ki, nə Türkiyə, nə də Azərbaycan mediası bu səfər üzərində layiqincə dayanmadı. İzlədiyim Qazax mediası da, fikrimcə, səfərin əhəmiyyətinə yetərincə diqqət ayırmadı. Mümkündür ki, bu sükut Rusiyanın diqqətini yeni problemlərə cəlb etmək istənməməsindən irəli gəlir. Bununla belə, bəzi məqamlara diqqət yetirməyin vacibliyini anlayır və bəzi kiçik analizlərimlə səfərə işıq tutmaq istəyirəm.
Sual edə bilərsiniz: Tokayevin bu səfəri dünya geosiyasətində hansı dəyişiklərə yol aça bilər? Və bundan Azərbaycan nə qazanacaq?
Bu suallara cavab vermək üçün ilk öncə iki liderin görüşündə hansı məsələlərin müzakirə olunduğuna qısa nəzər salmağa ehtiyac var.
Sözsüz ki, Ərdoğan və Tokayevin imzaladığı 20-dən artıq sazişin içəriyi ilə tanış olmadığımdan liderlərin görüşdən sonra mətbuat konfrasında səsləndirdiyi fikirlərə əsaslanaraq bəzi düşüncələrimi sizinlə paylaşacağam. Gəlin, bunun üçün də Rəcəb Tayib Ərdoğanın fikirlərinə nəzər salaq.
Türkiyə prezidentinin iddialarına görə, Tokayevlə görüşdə əsasən bu mövzuları ələ alıblar:
- Orta dəhlizin istifadəsi;
- Mədənçilik və nadir torpaq elementlərinin birgə hasilatı;
- Müdafiə, enerji, elm və texnologiyaya qədər bir çox məsələlər;
- Qazax neftinin Türkiyə üzərindən dünya bazarına çıxarılması;
- Hərbi sənaye məsələləri;
- FETÖ ilə mübarizə;
- Təhsil;
- Kipr-Qazaxıstan münasibətləri;
- Rusiya-Ukrayna, Qəzza məsələsi və s.
Mənim diqqətimi çəkən əsas məsələ Orta dəhlizdən istifadə, nadir torpaq elementlərinin birgə istehsalı və Qazax neftinin Türkiyə üzərindən Qərbə nəqlidir. Məlum oluduğu kimi, görüşdən bir neçə gün qabaq Rusiya Qazaxıstan neftinin Qara dəniz limanlarından Qərbə ixracını dayandırmışdı. Rusiya tərəfi bunu neft ixracı ilə bağlı yeni qanun hazırlığı ilə əlaqələndirmişdi. Hazırlanan yeni qanunvericilik layihəsinə görə, Qazaxıstan bundan sonra FSB-dən icazə alaraq öz neftini onun Novorossiyski limanından Qərbə nəql edə biləcək. Təbii ki, bu, Qazaxıstanın öz təbii sərvəti üzərindəki suverenlik hüquqlarına ziddir və yeri gələndə kommersiya sirrinin faş edilməsi deməkdir. Görünür, Qazaxıstan bununla razılaşmayıb Transxəzər layihəsi üzərindən neft nəqlinə qərar verib. Qeyd edim ki, indiyədək Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə Rusiya üzərindən Avropaya nəql olunan qazax nefti qardaş ölkənin ümumi neft ixracının 80%-ni təşkil edirdi. Bundan sonra isə Qazax “qara qızıl”ının hamısı Azərbaycan və Türk üzərindən Avropaya çatdırılacaq. Bu da öz növbəsində Avropanı Türkiyədən və Azərbaycandan asılı vəziyyətə salacaq.
Eyni şəkildə “Bir kəmər, bir yol” layihəsinin Orta dəhlizi də Qazaxıstanın Xəzər üzərindən nəqlinə başlaması ilə ölkəmizin və Türkiyənin dünya ticarətindəki çəkisini xeyli artıracaq. Qeyd edim ki, Orta dəhlizlə transfer edilən Çin mallarının 85%-i Qazaxıstandan keçirdi və qardaş ölkə rus basqısı nəticəsində onu şimal dəhlizi ilə ünvanlarına göndərirdi. İndisə, Çinin demək olar ki, bütün məhsulları Azərbaycan və Türkiyə üzərindən keçəcək. Prezident İlham Əliyevin bir müddət əvvəl Pekində xüsusi təmtəraqla qarşılanmasının altında yatan əsl səbəb də yəqin ki, bu idi.
Qazaxıstanın şimal dəhlizindən orta dəhlizə keçməsi dünyanın quru ticarəti marşrutunun dəyişməsi deməkdir və bu da bizim beynəlxalq nüfuzumuzu qaldırdığı kimi, Rusiyanın çəkisinin azaldır, onu nüfuzdan düşmüş fiqura çevirir. Hər iki ehtimal bizim xeyrimizədir və həm Qazaxıstanın, həm Türkiyənin, həm də Azərbaycanın təhlükəsizlik səviyyəsini yüksəldir. Bizim və qardaş ölkələrin təhlükəsizliyi həm də Çinin, Avropa İttifaqının və Zəngəzur dəhlizindən 30%-lik pay alan ABŞ-ın da maraqlarına uyğundur və Rusiya bütün bu qüvvələri qarşısına ala bilməz.
“Bir kəmər, bir yol” projesinin şimal istiqamətindən orta dəhlizə dəyişilməsinin bir başqa müsbət nəticəsi təkcə Çinin deyil, həm də Yaponiya, digər Şərqi Asiya ölkələrini Mərkəzi Asiya və Xəzər dənizi, Azərbaycan və Türkiyə vasitəsilə Rusiya Federasiyasından yan keçməklə Avropaya birləşdirə bilər. Artıq orta dəhlizə böyük ümidlər bağlanıb: həcmlər 2,7 milyon tona çatıb və 2030-cu ilə qədər 3 dəfə arta bilər.
Məsələnin digər mühüm tərəfi odur ki, Qazaxıstanın bu addımından sonra Rusiya istəsə belə, onu özünün məşhur “qeyri-dost” ölkələr siyahısına da sala bilməz. Çünki dünyanın ən uzun sərhədlərindən biri Rusiya ilə Qazaxıstan arasındadır - 7644 kilometr. Qazaxıstanı “qeyri-dost” ölkə elan etsə, onda təxminən 8 min km-lik sərhədlərinə sərhədçilər toplaya ki, bu da indiki anda Rusiyanın bacaracağı iş deyil. Moskva istəsə belə, bu qədər əsgəri tapa bilməz. Bu zamanadək Qazaxıstanın dostluğuna inanıb sərhədlərinə belə xərc çəkməyən Rusiya artıq yeni situasiya ilə üz-üzədir. Sabah Qazaxıstana Türkiyə və ya ABŞ əsgərləri təşrif buyuranda məcburən sərhədlərinə əsgər yerləşdirməlidir. Bu isə Ukrayna cəbhəsindən xeyli sayda hərbçini cənub sərhədlərinə daşımaq zərurəti yaradır.
Ən əsası, Rusiya bundan sonra Qazaxıstan sərhədlərindən keçib gələn hərbi strateji məhsullara, o cümlədən ikili texnologiyalara da bel bağlaya bilməz. Çünki Qazaxıstanın indi yeni strateji müttəfiqləri olacaq və Astana (Nur-sultan) həqiqi dostu qoyub yalançı dostla flört eləməz. Və üstəlik, o yalançı dost rusdursa.
Digər mühüm mövzu təhlükəsizlikdir. Türkiyənin NATO-ya üzv olması Qazaxıstan üçün də mühüm əhəmiyyət kəsb edir. 2025 Qlobal Atəş Gücü İndeksinə görə, Türkiyə 0,1902 balla 145 ölkə arasında 9-cu, Qazaxıstan isə 1,1016 indekslə 57-ci yerdədir. Tokayevlə Ərdoğanın imzaladığı 20 müqavilə arasında hərbi əməkdaşlığın gücləndirilməsi sazişi də var. Baxmayaraq ki, bu iki ölkənin hər biri fərqli texnologiyalardan istifadə edir. Türkiyə NATO standartlarına uyğun silahlanır. Qazaxıstan isə hələ də rusun sınıq-salxaq silahlarından istifadə edir. Yəqin ki, Türkiyə və Qazaxıstan arasında əlaqələr gücləndikcə, Qazax hərbi gücü də NATO standartlarına keçəcək. Bu da Rusiya və həm də İran üzərində hərbi çəmbəri daha da daraldacaq və onların əl-qolunu bağlayıb yeni reallıqlarla razılaşmaq məcburiyyətində qoyacaq.
Bir sözlə, Tokayevin Türkiyəyə səfəri iqtisadiyyatdan tutmuş hərbə qədər bütün sahələrdə yeni konfiqurasiyalar yaradır və Türk dünyasının simasını dəyişdirir.
Heydər Oğuz - "DİA-AZ"
Geri qayıt |