Əsas Səhifə > Dünya > Aİ-nin İrana qarşı təzyiq mexanizmləri məhduddur

Aİ-nin İrana qarşı təzyiq mexanizmləri məhduddur


Bu gün, 06:30

“İran Avropa ölkələri Tehrandan dinc nüvə proqramını inkişaf etdirmək hüququndan imtina etməyi tələb etməyə davam edərsə, onlarla danışıqları faydasız hesab edəcək”.
Bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.
“Əgər Birgə Hərtərəfli Fəaliyyət Planı Komissiyasının koordinatoru (Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasa – red.) əmindirsə ki, istənilən gələcək danışıqların məqsədi İranın nüvə proqramına son qoymaqdır, o zaman Aİ və Böyük Britaniyanın gələcək danışıqlarda iştirakı bütün aktuallığını itirir və mənasızlaşır”, - nazir bildirib.
 
Politoloq Oqtay Qasımov Sherg.az-a söyləyib ki, İran tərəfi, əslində, bu açıqlamalarla gələcək danışıqlarda mövqeyini müəyyən qədər gücləndirməyə çalışır:
"İranın qarşısına qoyulan tələblər kifayət qədər ciddidir. Bu şərtlər ağır olsa da, əslində, məqbul hesab oluna bilər. Çünki İrandan nüvə proqramı ilə bağlı şəffaf və açıq fəaliyyət göstərməsi, uranın zənginləşdirilməsi prosesinin sülh məqsədləri ilə həyata keçirildiyinə dair aydın təminatlar verməsi tələb edilir. İranın indiyə qədərki gizli davranışları və nüvə silahı əldə etmək yönündə atdığı iddia edilən addımlar beynəlxalq ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Bu kontekstdə Aİ-nin narahatlığı da əsaslıdır. Danışıqların bundan sonra hansı səviyyədə davam edəcəyi, bu prosesin çıxılmaz vəziyyətə düşüb-düşməyəcəyi və ya irəliləyişin mümkün olub-olmayacağını indidən dəqiq söyləmək çətindir. İran 12 günlük müharibədə ciddi zərbələr alsa da, hələlik öz hərbi və siyasi potensialını müəyyən qədər qoruyub saxlaya bilib".
 
Politoloqun sözlərinə görə, ABŞ-ın müharibəni dayandırması isə İranı bir qədər cəsarətləndirib:
"İran gələcək təzyiqlərin qarşısını almaq məqsədilə danışıqlar masasında güzəştləri minimuma endirmək üçün daha sərt şərtlər irəli sürməyə çalışır. Danışıqlar bir müddət ləngiyə bilər. Lakin bunun uzunmüddətli və ya daimi bir durğunluğa çevrilməyəcək. ABŞ və İsrail İranın atdığı addımları diqqətlə izləyir və açıq şəkildə xəbərdarlıq edirlər: əgər İran danışıqlardan yayınsa və nüvə proqramı ilə bağlı sülh çərçivəsindən kənara çıxsa, ona qarşı sərt tədbirlər görüləcək.
Hazırda Aİ-nin İrana qarşı tətbiq edə biləcəyi ciddi təzyiq mexanizmləri məhduddur. İndiki mərhələdə Avropa yalnız bəyanatlarla kifayətlənə bilər. Onların İranla bağlı daha sərt tədbirlər görməsi real görünmür. Digər tərəfdən, Aİ daxilində də İran məsələsində fərqli yanaşmalar müşahidə olunur. Xüsusilə Fransa kimi ölkələrin fərqli mövqe tutması bu məsələdə yekdil mövqeyin formalaşmasına mane olur. Bu da İran üçün əlavə imkanlar yaradır, ona müəyyən mənada stimul verir".

Geri qayıt