Əsas Səhifə > Dünya > Ukrayna “təcrübəsi” öyrənilir

Ukrayna “təcrübəsi” öyrənilir


5-12-2024, 08:11
Ukrayna “təcrübəsi” öyrənilir
Pekin ABŞ-ın Çinə qarşı yeni iqtisadi sanksiyalarına hazırlaşır. “The Wall Street Journal” dərgisində yayımlanan məqalədə Çinin hökumət strukturlarında Ukrayna müharibəsinə görə Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaların təsirlərinin öyrənildiyi yazılıb. Bu məqsədlə hazırlanan hesabatlar mütəmadi olaraq Çin rəhbərliyinə təqdim edilir. Bununla Pekin Qərbin Çinə qarşı mümkün sanksiyalarının hansı təsirlərə gətirib çıxarmış olacağını özü üçün müəyyənləşdirməyə çalışır. Çünki, Çin Tayvan ələ keçirməyə başlayarsa, Qərbin bu ölkəyə qarşı sanksiyaları özünü çox gözlətməyəcək. Ancaq Tayvan ətrafında vəziyyət gərginləşmədən də Vaşinqton Çinə qarşı növbəti sanksiyaları tətbiqinə hazırlaşır. Donald Tramp Ağ Evə yerləşəndən sonra Çin mallarına gömrük tariflərini artırmağı planlaşdırır. O ötən prezidentlik müddətində də bu siyasətə üstünlük verib. Hazırki Prezident Co Bayden Trampın Çinə qarşı siyasətini davam etdirib.
Çinin Rusiyanın Ukraynaya qarşı apardığı müharibədən yeganə qazancı Rusiyanın neft və qazını ucuz qiymətə alması olub. Bu müharibə Çinə əlavə iqtisadi problemlər yaradıb. Qərb sanksiyalarından ehtiyat edən Çin bankları Rusiya bankları ilə əməkdaşlıqdan ehtiyat edirlər. Çin Rusiyanın “Qazprombank”ın “Union Pay” kartları üzrə nəğd ödəmələri dayandırıb.
Bu arada, Çin iqtisadiyyatında tənəzzül davam edir, daşınmaz əmlak investisiyaları ölkənin bank sistemini böhrana salıb. Vətəndaşlar bank hesablarından vəsait çıxarmaqda çətinlik çəkirlər. Bank kartı istifadəçilərinin bir qisminə limitlər qoyulub. Bu isə öz növbəsində ipoteka, avtomobil kreditləri, məktəb haqlarının ödənilməsi və ya təcili tibbi yardım xərclərinin ödənilməsi kimi gündəlik həyatda problemlər yaradır. Digər tərəfdən böyük şirkətlərin işçilərinə maaş ödənilməsində də problemlər yaranıb. Çünki, şirkətlər maaşları ödəmək üçün banklardan pul çəkməlidirlər.
Mövcud vəziyyətə baxmayaraq, Çin Xalq Bankının 2025-ci ildə iqtisadi aktivliyi stimullaşdıran siyasəti davam etdirəcəyi xəbəri yayılıb. Bank şirkətlər və ev sahiblərinin maliyyələşdirmə xərclərini daha da azaltmaq üçün tədbirlər görəcək. Ancaq Çində banklara olan etirabın azalması səbəbindən Çin Xalq Bankının fəaliyyət planını həyata keçirmək çətin olacaq. Buna baxmayaraq, Çin Xalq Bankı istehlak kreditləşməsini və daşınmaz əmlak bazarlarının sabitliyini təmin etmək üçün istifadə əlindəki imkanlardan istifadə etməyə çalışacaq. Bank istiqrazn ticarətini bərpa edəcək. Bütün hallarda 2025 Çin iqtisadiyyatı üçün ciddi çağırış ili olacaq.

“Atlas” Araşdırmalar Mərkəzi
"DİA-AZ"

Geri qayıt