Əsas Səhifə > Dünya > "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər

"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər


27-11-2024, 06:49
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər
ABŞ-ın "Qazprombank"a qarşı sanksiyaları Rusiya qazının Türkiyəyə tədarükünün ödənişini çətinləşdirə bilər.
Bu barədə "Hürriyet" qəzeti yazıb. Materialdan çıxarışları "RİA Novosti" təqdim edib.
Noyabrın 21-də ABŞ "Qazprombank"a və onun 6 xarici törəmə şirkətinə qarşı sanksiyalar tətbiq edib. Bununla əlaqədar "Qazprombank" müştərilərə xaricdə "Union Pay" kartlarından istifadə ilə bağlı problemlər barədə xəbərdarlıq edib.
Nəşrin yazdığına görə, sanksiyalar Türkiyə, Macarıstan, Yunanıstan, Slovakiya, Serbiya, Bolqarıstan, İtaliya və Avstriya da daxil olmaqla bir sıra ölkələr üçün Rusiya qazının ixracına görə ödənişləri çətinləşdirə bilər.
"Moskva alternativ ödəniş üsulları axtarmağa başlayıb, lakin ehtimal edilir ki, böhran yanvarda pik həddinə çata bilər" – "Hürriyet" yazıb.
"Qazprombank"a qarşı sanksiyalar məsələsi ötən həftə parlamentdə büdcə müzakirələri zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən də qaldırılıb.
"Fidan Türkiyənin idxal etdiyi qazın 40%-nin "Qazprom" vasitəsilə gəldiyini vurğulayaraq, ABŞ-ın bu mövqeyinin mümkün nəticələrə biganəliyini nümayiş etdirdiyini bildirib" - nəşr qeyd edib.
Rusiya Federasiyası prezidentinin fərmanına əsasən, "Qazprombank" Avropa İttifaqı ölkələri və Rusiyaya qarşı sanksiyalar tətbiq etmiş digər dövlətlər üçün qaz nəqlinin rublla ödənilməsi sxemini təşkil edib. Mexanizm xarici alıcılar üçün iki hesabın - xarici valyuta və rublla açılmasını nəzərdə tutur. Müqavilə valyutasında (məsələn, avro) köçürülən vəsaitlər Moskva birjasında konvertasiya edilir və rublla əldə edilən gəlirlər rubl hesabına köçürülür. Məhz bu hesabdan "Qazprom"la hesablaşmalar aparılır.
Beləliklə, tətbiq edilən sanksiyalar Avropa ölkələri və Türkiyəyə tədarük edilən Rusiya qazına görə ödənişlərin sabitliyinə ciddi təsir göstərə bilər.

"DİA-AZ"
Geri qayıt