ABŞ Prezidenti Donald Tramp noyabrın 21-də venesuelalı həmkarı Nikolas Maduro ilə telefon danışığı zamanı ondan ölkəsindən bir həftə ərzində getməsini tələb edib.
"Report"un xəbərinə görə, bu barədə "Reuters" yazıb.
Agentliyin mənbələrinin sözlərinə görə, liderlər arasında söhbət 15 dəqiqədən az davam edib. Danışıq zamanı Tramp Maduroya ailəsi ilə birlikdə Venesuelanı tərk etmək və istədiyi yerə getmək üçün bir həftə vaxtının olduğunu bildirib. Məqalədə bu müddətin 28 noyabr cümə günü başa çatdığı aydınlaşdırılıb. Buna cavab olaraq Tramp 29 noyabrda "Truth Social"da yazıb ki, bütün aviaşirkətlər, pilotlar, narkotik və insan alverçiləri Venesuela üzərindəki hava məkanını tamamilə bağlamalıdırlar.
Agentliyin məlumatına görə, Maduro ailə üzvlərinə bütün ABŞ sanksiyalarının ləğvi də daxil olmaqla tam hüquqi əfv veriləcəyi təqdirdə ölkəni tərk etməyə hazır olduğunu bildirib. Maduro həmçinin Beynəlxalq Cinayət Məhkəməsində ona qarşı aparılan proseslərin dayandırılmasını və ABŞ-nin Venesuelanın 100 rəsmisinə qarşı sanksiyalarının ləğv olunmasını tələb edib. Bundan əlavə, o, həmçinin vurğulayıb ki, Venesuelanın icraçı Vitse-prezidenti Delsi Rodriqez yeni seçkilər keçirilənə qədər keçid hökumətinə rəhbərlik etməlidir.
Mənbələrinə sözlərinə görə, Tramp Maduronun tələblərinin əksəriyyətini rədd edib. Agentliyin məlumatına görə, Maduronun Venesueladan mümkün gedişi ilə bağlı danışıqlar davam edə bilər.










