Əsas Səhifə > Ölkə, Manşet > Beyləqanda vergi orqanı NƏDƏN ACİZ QALIB...
Beyləqanda vergi orqanı NƏDƏN ACİZ QALIB...28-09-2022, 10:50 |
Gündəlik həyatda təmasda olduğumuz yeniliklərdən biri də POS (Point Of Sale) -terminallardır. POS-terminal təsərrüfat subyektlərində (obyektlərdə) ödəniş kartı ilə ödəniş etməyə imkan yaradan elektron avadanlıqdır. Nazirlər Kabinetinin 219 nömrəli 4 oktyabr 2012-ci il tarixli qərarında qeyd olunub ki, ticarət, məişət və digər xidmətlərin göstərilməsi zamanı alıcılarla (müştərilərlə) hesablaşmaların aparılması, vergilərin və dövlət orqanları tərəfindən göstərilən işlərə (xidmətlərə) görə dövlət rüsumlarının ödənilməsi üçün təsərrüfat subyektlərdə (obyektlərdə) POS-terminalların quraşdırılması, qeydiyyatı, istifadəsi və tətbiqi ilə bağlı digər məsələlər “Azərbaycan Respublikasınn ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” ilə tənzimlənir. Qərara əsasən, POS-terminalların tətbiqi nəzərdə tutulan təsərrüfat subyektləri sırasında yanacaqdoldurma məntəqələri də vardır. POS-terminalların quraşdırılmaması təsərrüfat subyektlərini (obyektləri) Qanunla nəzərdə tutulmuş məsuliyyətə cəlb edə bilər. 1 yanvar 2020-ci il tarixdən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS terminalların quraşdırılmamasına və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat; təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat; təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6000 manat maliyyə sanksiyaları tətbiq oluna bilər. POS-terminalların tətbiqi nəzərdə tutulan təsərrüfat subyektləri sırasında yanacaqdoldurma məntəqələri (bundan sonra YDM – red.) də vardır. Beyləqanda əksər yanacaqdoldurma məntəqələrinin əksəriyyətində POS-terminallar quraşdırılmayıb. Məsələn, “RTS” qəsəbəsində fəaliyyət göstərən, Rəhman adlı sahibkara məxsus YDM-də ciddi qanun pozuntuları baş verir. Vergi qanunvericiliyinin tələbləri pozulmaqla, nağdsız hesablaşmaya şərait yaradılmayıb. Həmçinin kassa nəzarət aparatları da yalnız formal olaraq mövcuddur. Müştəri təkid etməsə, aldığı yanacağa görə ona ödədiyi pulun qəbzi verilmir. YDM-in işçiləri (operatorlar) yalnız rayonda qanunpərəst, “demaqoq adam” kimi tanınan şəxslərə, tanımadıqları müştərilər sırasından isə ziyalı görkəmli, qalstuklu adamlara qəbz təklif olunur və məbləğ kassa aparatına daxil edilir. Bu isə əlbəttə ki, vergidən yayınmağa hesablanmışdır. Burada başqa bir məsələ də ortaya çıxır ki, YDM mədaxil etdiyi benzini tam olaraq necə silir? Deməli, mədaxil qaimə-fakturalarındakı rəqəmlər də həqiqəti əks etdirməməli, başqa sözlə, YDM-ə alınan benzinin bir hissəsi oğurluq olmalıdır. Bütün bunlar yalnız köklü kameral yoxlama əsasında dəqiqləşdirilə bilər. Yeri gəlmişkən, Beyləqan rayonunun mərkəzindəki YDM-lər Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə çox yaxın məsafədə yerləşir. Bəzilərinin, eləcə də “Rəhmanın zapravkası” kimi tanınan YDM-nin fəaliyyətindəki qanunsuzluqları hətta İdarənin küçəyə baxan pəncərələrindən də müşahidə etmək olar. Söz yox, kimsə bu məsələ ilə əlaqədar vergi orqanına müraciət edərsə, ona formal cavab da veriləcək, bəlkə də nə vaxtsa hansısa YDM-in kiçik həcmdə cərimələndiyi də xatırlanacaq. Ancaq həmin tədbirlər rayon YDM-lərindəki vergidən yayınmanın gerçək miqyasını əks etdirməyəcək. Real müşahidələr aparılsa, məlum olar ki, Beyləqandakı YDM-lərdə gündəlik satılan yanacağın dövriyyəsi 3-4 min manat civarında olur. Bu da illik 200000 (iki yüz min) manat həddini aşır. İllik dövriyyəsi həmin həddən yuxarı olan subyektlərə isə sadələşdirilmiş vergi tətbiq oluna bilməz. Ümumiyyətlə, şübhələnməyə əsas var ki, Beyləqanda istənilən obyekt sahibi dövriyyəsindən asılı olmayaraq yerli vergi orqanı əməkdaşları ilə “dil tapa”, anlaşa bilirlər. Odur ki, qərara gəldik ki, müşahidələrimizi detallı şəkildə Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov və Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli cənabları ilə bölüşək. Və ümid edirik ki, DVX tərəfindən “Rəhmanın zapravkası” kimi tanınan yanacaqdoldurma məntəqəsi ilə yanaşı, həmçinin də Beyləqan rayonu ərazisində fəaliyyət göstərən ayrı-ayrı yanacaqdoldurma məntəqələrində köklü kameral yoxlamalar aparacaq və mövcud vergi pozuntularına görə sanksiya tətbiq edəcəkdir. Yeri gəlmişkən ədalət naminə onu da qeyd edək ki, əldə etdiyiniz məlumatlarda vergi orqanı əməkdaşları tərəfindən “Rəhmanın zapravkası” na POS terminal quraşdırılması tələb olunub, lakin obyekt sahibi bundan imtina edib. Bu isə POS terminaldan yayınamaq deməkdir ki, buna görə də yuxarıda qeyd etdiyimiz kimi sanksiya tətbiq olunur. İndi 8 Ərazi Vergi İdarəsi rəsmi mövqe bildirsin ki, adı qeyd olunan yanacaqdoldurma məntəqəsinə təkcə POS terminaldan imtinaya görə bir dəfədə olsun ki, sanksiya tətbiq edib. Maraqlıdır, vergi orqanı bu qədərmi bir sahibkarın qabağında boynu bükük və acizdir ki, açiq aşkar vergi pozuntusunu görə, bilə və sanksiya tətbiq etməyə. İnanırıq ki, bu yazımızdan dərhal sonra yuxarıda oturan səlahiyyətli nüfuz sahibləri qeyd etdiyimiz vergi pozuntuları ilə yanaşı, həm də adı keçən yanacaqdoldurma məntəqəsinə hər ay nə qədər yanacaq daxil olduğu (qaimə-fakturasını) və ay ərzində nəqədər yanacaq satıldığına dair vergi hesablaşmalarının necə və hansı formada həyata keçırilməsi istiqamətində də operativ vergi yoxlamalaı həyata keçirəcək. Mövzuya qayıdacağıq. RealMediaaz.space Geri qayıt |