Əsas Səhifə > Ölkə, Manşet > Vilayət Vəliyev AzTU-nu NECƏ ÇÖKDÜRÜR...

Vilayət Vəliyev AzTU-nu NECƏ ÇÖKDÜRÜR...


24-11-2021, 09:39
Vilayət Vəliyev AzTU-nu NECƏ ÇÖKDÜRÜR...
DİA.AZ: - Azərbaycan Texniki Universitetində cərəyan edən neqativ olaylarla bağlı diaaz.space olaraq silsilə materialları diqqətinizə təqdim etmişik. Ümid edirdik ki, bu faktların fonunda müvafiq dövlət qurumları gərəkən addımları atacaq, qaldırılan problemlərin həllinə çalışacaq. Amma sən saydığını say, gör fələk nə sayırmış... Aydın olur ki, nəinki kimsə AzTU rəhbərliyini açıqlanan faktlara görə sorğu-sual etməyib, əksinə, kimlərssə ona qol-qanad verdiyindəndir ki, indi də rektor cənabları "repressiya qılıncını sıyıraraq" hərəkətə keçib. Elə DİA.AZ-a göndərilən son müraciətdə də deyilənlər bu barədədir:

BİRİNCİ YAZIMIZ BURADA: Texniki Universitetdə repressiyalar başladı... - AMMA ƏKSİ GÖZLƏNİLİRDİ...

"Əlbəttə ki, universitetin strukturunda yenə də dəyişiklik məsələsinə baxılmadan heç bir elmi şura iclası keçirilə bilməz. Rektor yenə öz ampluasına sadiq qalaraq, elan etdi ki, İnsan resursları şöbəsinin nəzdində (yəni keçmiş qayda ilə desək, “kadrlar şöbəsi”) “Kadrların tədqiqatı departamenti” yaradılacaq (əlbəttə ki, qərar səsvermə ilə 1-2 saniyə ərzində qəbul edildi). Həmin departament kadrlar sahəsində tədqiqatlarla (???) məşğul olacaq. Sonra rektor yenə xüsusi nümayişkaranəliklə elan etdi ki, həmin departamentə yeni adamlar (yəni onun öz adamları) qəbul ediləcək. Əvvəllər o belə sözləri açıq deməzdi. İndi isə yəqin ki, AzTU-nun köhnə heyətinə “acıq vermək” üçün xüsusi qeyd edir. Yəni, siz saydığınızı sayın, görün, mən nə sayıram. Ümumiyyətlə, Kadrlar şöbəsinin nəzdində, hətta bu, İnsan resursları şöbəsi adlansa da, tədqiqat mərkəzinin yaradılması absurddur. Digər tərəfdən isə Tədris hissəsinin nəzdində “Karyera mərkəzi” adlanan bir struktur bölməsi vardır ki, həmin funksiyanı bu bölmə yerinə yetirir və həmin bölməni də rektor V.Vəliyev keçən il özü yaradıb. İndi gözlənilən budur ki, növbəti şura iclaslarının birində rektor deyəcək ki, bu struktur bölmələri bir birinin işini təkrarlayır və Karyera mərkəzinin başına nə isə bir oyun gətirməklə, oradakı işçiləri ixtisar edəcək.

Məlumdur ki, bizdə universitetlərin büdcəsi demək olar ki, tamamilə tələbələrin təhsil haqqı ödənişlərindən daxil olan vəsait hesabına yaranır. Tələbələrin bir hissəsi təhsil haqqını öz vəsaitindən ödəyir, dövlət hesabına təhsil alanlarınınkini isə universitetin büdcəsinə dövlət köçürür. Universitet isə bunun müqabilində tələbələrə lazımi səviyyədə təhsil verməlidir. Buna görə də universitet büdcəsinə daxil olan vəsait əsasən tələbələrin təhsilinə xərclənməlidir. Ancaq tədris saatlarını kəsmək, dərs saatlarını azaltmaqla müəllimlərin maaşını azaltmaq, onları ixtisar etmək, qənaət edilmiş vəsaiti başqa məqsədlərə, məsələn, tədrisə dəxli olmayan inzibati strukturu süni artırmaqla, ora öz qohum-qardaşını, yerlilərini qəbul etmək isə tələbələri aldatmaq deməkdir. Yəni tələbələrin öz təhsili üçün verdiyi vəsaiti öz qohum-qardaşına paylamaq

deməkdir. Bunun daha başqa izahı yoxdur. Bunu, əlbəttə ki, tələbələrin də hamısı başa düşmür və tədris nə qədər sadələşsə, bir o qədər sevinirlər. Amma, bu, tələbələrin gələcəyini oğurlamaq deməkdir, xalq dili ilə desək, “alıb, aldatmaq” deməkdir. Dövlət miqyasında isə bunu təxribat kimi qiymətləndirmək olar, texniki mütəxəssislərin hazırlanması işində dövlət miqyaslı təxribat. Bizim hörmətli iqtisadçı “alimimiz” V.Vəliyev yəqin ki, bunu başa düşər. O, Texniki Universitetdə dağıntıları kompleks şəkildə həyata keçirir: tədris prosesinin əsaslarını zəiflədir, universitetin kadr potensialını kənarlaşdırır və onun elmi-pedaqoji genofondunu məhv edir, gülünc dərəcəyə çatmış “struktur reformaları” ilə tədrisə ayrılmalı vəsaiti başqa məqsədlərə yönəldərək (yuxarıda qeyd etdiyimiz mexanizm əsasında), dolayı yolla mənimsəyir. Bəs bu, təxribatçılıq deyilsə, bəs nədir?

Bəlkə, bunları yazmaqla universitetimizi rektor V.Vəliyevin daha böyük qəzəbinə məruz qoyacayıq, bilmirik. Ancaq, Mirzə Ələkbər Sabir demişkən, qanmaya bilmirik. Hələ ki, yazmaya da bilmirik. Çünki, rektorun təbirincə desək, indi Azərbaycan Texniki Universitetinin taleyi “ortaya qoyulub”.

Allaha ümidimizi isə hələ itirməmişik. Ümidimiz Allahadır.

Texniki Universiteti Allah özü xilas etsin.

Hörmətlə,
AzTU-nun müəllimlərindən bir qrup"

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Geri qayıt