Əsas Səhifə > Sosial, Güney Press, Manşet > Hacıbala Abutalıbovu postunda kimlər əvəz edə bilər?
Hacıbala Abutalıbovu postunda kimlər əvəz edə bilər?20-02-2015, 10:56 |
2001-ci ilin yanvar ayından etibarın Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Hacıbala Abutalıbovun yola salınması istiqamətində bir sıra zəruri tədbirlərə start verilib. Belə ki, artıq 70 yaşını tamamlayan Bakı merinin yerinə namizədlərin müəyyənləşdirilməsi üçün danışıqlar aparılır. Bu barədə redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, Hacıbala Abutalıbov parlament seçkilərinə qədər tutduğu postdan kənarlaşdırılacaq: "Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tezliklə bu vəzifədən gedəcək. Onun qarşıdan gələn parlament seçkilərinə qədər öz postu ilə vidalaşacağı deyilir. Düzdür, paytaxt merinin vəzifəsindən alınacağı barədə indiyə qədər dəfələrlə məlumatlar yayılıb. Onun hətta istefa tarixi də açıqlanıb, onun yerinə mümkün namizədlərin adı da çəkilib. Lakin bu hadisənin baş verməsi hər dəfə bir səbəb üzündən gecikib. Ancaq bu dəfə heç bir gecikmə-filan olan deyil". Onun yerinə kimin təyin olunacağına gəlincə, məlumatlı şəxs bir neçə namizədin adını çəkib: "Hazırda bu posta namizəd Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur. Artıq o, sözügedən məsələ ilə bağlı Bakıya çağırılıb və bir sıra məsul şəxslərlə görüşlər keçirib. Odur ki, məhz o, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin oluna bilər. Hacıbala Abutalıbova gəlincə, qeyd etdiyimiz kimi, artıq onun vəzifə ömrünün başa çatması reallığa çevrilməkdədir". Amma Eldar müəllim Gənclər Birliyini və Rəfael Allahverdiyevi unudur. Bu, başqa yazının mövzusudur. Əldə etdiyimiz digər bir məlumatda isə deyilir ki, artıq Hacıbala Abutalıbovun istefası barədə fərman hazırdır və onun rəsmi elan olunması yaxın vaxtların işidir. Bu barədə məlumat verən mənbənin sözlərinə görə, bundan dərhal sonra Eldar Əzizov Bakı meri postuna gətiriləcək. Bu arada, onu da qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də Bakı meri postuna real namizədlər sırasında qərarlaşıb. Hacıbala Abutalıbovun vəzifəsindən uzaqlaşdırılması məsələsinin həqiqətən də yuxarıların gündəmində olduğunu vurğulayan mənbə iddia edir ki, Elmar Vəliyev icra başçıları arasında normal imicə malik olan nadir məmurlardan olduğu üçün nüfuzlu şəxslər tərəfindən onun bu posta namizədliyi irəli sürülüb: "Belə ki, xarakter baxımından tələbkar, işinin öhdəsindən layiqincə gəlməyi bacaran şəxs kimi tanınan Elmar Vəliyev Hacıbala Abutalıbovun son 14 ildə Bakı Şəhər İcra Hakimiyyətində yaratdığı qruplaşmanı dağıtmağa gücü çatacaq ən münasib namizəd sayılır. Onun son dövrlər icra başçısı olduğu Gəncə şəhərində abadlıq işləri aparması , əhalilə mütəmadi görüşlər keçirməsi və gördüyü işlərin mətbuatda yayılmasında maraqlı olması ciddi mətləblərdən xəbər verir. Heç şübhəsiz ki, o, özü də bu posta iddialılar sırasındadır. Odur ki, Elmar Vəliyev də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmağa çox yaxındır". Amma Elmar Vəliyevdə də bir "kəllə” məsələsi var. Bu da başqa bir yazının mövzusudur. Mövzu ilə bağlı əldə etdiyimiz başqa bir məlumatda isə deyilir ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da Bakı meri postuna iddialılar sırasındadır. Əgər bununla bağlı mənbənin dedikləri doğrudursa, o zaman belə çıxır ki, Süleyman Mikayılov da Hacıbala Abutalıbovun kreslosuna yiyələnməkdən ötrü digər namizədlərlə açıq rəqabətə başlayıb: "Bildiyiniz kimi, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kifayət qədər nüfuzlu şəxslər tərəfindən himayə olunur. Məhz bu amil onun Bakı meri olma ehtimalını reallığa çevirməyə kömək edə bilər. Görünən odur ki, Süleyman Mikayılov da parlament seçkiləri ərəfəsində vəzifə yüksəlişinə doğru gedə bilər". Amma! P.S. Süleyman Mikayılov nə üçün mer ola bilməz yazısını növbəti saylarımızda oxuyacaqsınız. Geri qayıt |