Əsas Səhifə > Sosial, Manşet > Ucarda büdcə pullarını min-bir fırıldaq hesabına mənimsəyirlər
Ucarda büdcə pullarını min-bir fırıldaq hesabına mənimsəyirlər12-08-2014, 11:42 |
DİA.AZ: - Azərbaycanda korrupsiyanın tüğyan etdiyini deməyə dəyməz. Çünki faktiki olaraq bütün sahələrdə yeyinti halları inanılmaz dərəcədə özünü göstərir. DİA.AZ-ın apardığı araşdırmalar nəticəsində bu dəfə Ucar rayonunda korrupsiya hallarının bir qismi aşkarlanıb. Araşdırmalar zamanı məlum olub ki, bu rayonda dövlət büdcəsindən ayrılmış pullar kənar şəxslərə verilməməklə yanaşı, həm də inanılmaz səviyyədə it-bata salınır. Belə ki, yolların çəkilməsindən tutmuş, dəftərxana ləvazimatlarının alınmasına qədər bütün işlərdə sərf olunan pulların hamısı axırda bir adamın əlində cəmləşir. DİA.AZ-ın araşdırmaları nəticəsində məlum olub ki, Ucar şəhər meri rayon mərkəzini guya, gözəlləşdirmək və abadlıq işləri görmək üçün «Dizayn-2011» MMC-lə müqavilə bağlayıb. MMC-nin rəhbəri isə merin öz yaxın qohumudur və bu səbəbdən partnoyr o seçilib. Rayon mərkəzində abadlıq işlərini həyata keçirməyi öhdəsinə götürmüş «Dizayn-2011» MMC-yə isə 333 min 982 manat pul ayrılır. Halbuki bu qədər pulla Ucarın mərkəzini təzədən tikmək olardı. Amma rayon rəhbərliyi pul yemək üçün başqa bir varianta da əl atıb. diaaz.space-a verilən məlumatlara görə, Ucar rayonunun mərkəzi və daxili yollarının təmiri (yenidən çəkilmə yox-red.) məqsədi ilə də heç də kiçik olmayan vəsait ayrılıb. 31 saylı Yol İstismarı İdarəsi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan proses üçün onların hesabına 458 min 532 manat pul köçürülüb. Maraqlı məqam odur ki, Ucar elə də böyük rayon sayılmır və bu səbəbdən onun daxili yolları üçün yarım milyon manat vəsaitin ayrılması qətiyyən başa düşülən deyil. Təbii ki, burada şübhəsiz korrupsiya elementi var və əldə olunan gəlirlər də rayon rəhbərliyi tərəfindən bölüşdürülür. Rayonda ən maraqlı pul ayırmaları dəftərxana xərcləri ilə bağlıdır. Demək olar ki, Ucarda bütün idarə və müəssisələr yüz minlərlə manatlıq dəftərxana xərclərinə sahib imişlər. Ki, bu da inandırıcı deyil. Məsələn, Ucar rayon Mədəniyyət və Turizm İdarəsi dəftərxana ləvazimatları almaq üçün fiziki şəxs Rac Məmiş oğlu Talıbovun adına 15500 manat pul köçürüb. Amma bu çox kiçik rəqəmdir. Çünki Ucar rayon Mərkəzi Xəstəxanasında isə ancaq dəftərxana ləvazimatları üçün ayrılmış pula diqqət yetirəndə adamın dodaqları uçuqlayır. Belə ki, Mərkəzi Xəstəxana «Leqenda» MMC-yə dəftərxana ləvazimatları almaq üçün 101 min 414 manat pul köçürüb. İndi sual olunur ki, kompyüter əsrində bir xəstəxanaya bu qədər ləvazimat niyə və nə üçün lazımdır? Bu qədər pulu ancaq nəşriyyat sistemlərində dəftərxana vəsaitlərinə sərf eləmək mümkündür ki, xəstəxana da nəşriyyat deyil. Aydın məsələdir ki, burada başlıca məqsəd dövlət büdcəsindən ayrılmış pulları mənimsəməkdir. Onu dəftərxana adı altında silmək isə ən optimal yollardan biridir. Ucarda baş verən digər maraqlı yeyinti halları ilə bağlı da yaxınlarda məlumat verəcəyik. Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |