Əsas Səhifə > Sosial / Manşet > "Təəssüf ki, bu zavod yalnız paytaxt Bakıya xidmət edir..."

"Təəssüf ki, bu zavod yalnız paytaxt Bakıya xidmət edir..."


Bu gün, 08:36

Azərbaycanın kənd yaşayış məntəqələrində tullantıların toplanması və emalının yerli əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi

Giriş

Azərbaycanda tullantıların toplanması, nəqli və emalı bütövlükdə ölkə üçün son dərəcə ciddi problemlərdən biri olsa da, şəhərlərlə müqayisədə kənd yaşayış məntəqələri üçün bu məsələ daha kritik xarakter daşıyır. Belə ki, şəhərlərdə mənzil-kommunal təsərrüfatları fəaliyyət göstərir və bu qurumlar tullantıların toplanması və daşınması üçün həm zəruri texniki imkanlara, həm işçi heyətinə, sahibdirlər. Kəndlərdə isə vəziyyət tamamilə fərqlidir: rayon (şəhər) mənzil-kommunal təsərrüfatı qurumları kənd ərazilərinə xidmət göstərmir. Bələdiyyələr və icra nümayəndəlikləri bu funksiyanı yerinə yetirmək üçün həm zəruri texniki vasitələrə, həm də maliyyə resurslarına maik olmadıqlarını əsas gətirərək ərazinin tullantılardan təmizlənməsilə bağlı məsələdən yayına bilirlər. Nəticədə isə əksər kəndlərdə həm məişətdə, həm də aqrar sektorda formalaşan tullantılar açıq ərazilərdə toplanır və bu regionlarda ətraf mühitin korlanmasına səbəb olur.

Nəzərə alınmalıdır ki, tullantıların nəzarətsiz şəkildə ətraf mühitə atılması qlobal miqyasda karbon emissiyasının azaldılması ilə bağlı dövlətlərin götürdüyü beynəlxalq öhdəliklərə də ziddir. Bu baxımdan dünyada artıq uzun illərdir istifadə edilən təcrübədə tullantıların təkrar emalı və enerjiə çervilməsi vasitəsilə karbon emissiyasının artımında rolu əhəmiyyətli dərəcədə neytrallaşdırılır. Beynəlxalq səviyyədə aparılan qiymətləndirmələrə görə, tullantıların enerjiyə çevrilməsinin ekologiyaya ən böyük faydası özünü onda göstərir ki, emal zamanı enerjiyə çevirməklə zərərsizləşdirilən metan qazının istixana effekti karbondioksiddən 21 dəfə yüksəkdir. Tullantıların toplandığı ərazilərdə formalaşan qazların da 50%-dən çoxunu məhz metan qazı təşkil edir. Son illər dünyada tullantıların elektrik enerjisində payı sürətlə artaraq 3%-ə yaxınlaşıb. Azərbaycanda da tullantıların təkrar emalı və tullantıdan enerjiyə çevrilməsi təcrübəsi var:

Azərbaycanda bu istiqamətdə hələlik yalnız bir nümunə var: Balaxanı Sənaye Parkının ərazisində fəaliyyət göstərən və tullantıların emalı üzrə ixtisaslaşmış müəssisənin fəaliyyəti əsasında elektrik enerjisi əldə olunur. Bu təcrübənin enerji sektoruna töhfəsi, bu təcrübənin bütün ölkə boyu genişləndirilməsi, eləcə də bütövlükdə ölkədə həm bərk, həm də çirkab suların emalı sayəsində enerji güclərinin yaradılaması üçün imkanları barədə təqdim olunan analizdə bəhs edilir. 2022-ci ildə istifadəyə verilən Balaxanı tullantı emal zavodu hər il orta hesabla 200 min tona yaxın tullantını çeşidləyərək təkrar emal prosesindən keçirməklə yanaşı 200 milyon kilovatt saata yaxın elektrik enerjisi istehsal edə bilir. Lakin təəssüf ki, bu zavod yalnız paytaxt Bakı şəhərin xidmət edir və ölkənin regionları, eləcə də kəndlər üçün bu cür infrastruktur mövcud deyil.

Hökumətin qəbul elədiyi müvafiq proqram və strategiyalarda da bilavasitə kənd yaşayış məntəqələrində tulantıların toplanması və təhlükəsiz utilizasiayası ilə bağlı əhatəli tədbirlər, zəruri hədəflər müəyyən edilməyib. Hətta 2019-2023-cü illər üzrə regionların inkişaf proqramında Tullantıların Təkrar Emalı Zavodunun tikintisi nəzərdə tutulsa da, bu məsələ reallaşmamış qaldı.

Bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiyada qeyd edilmişdi ki, kənd ərazilərində bərk tullantıların yığılmasına, təkrar emalına və zərərsizləşdirilməsinə töhfə verəcək investisiyaların və inkişaf sxemlərinin qurulmasında mövcud ehtiyatlardan səmərəli istifadə təmin edilməlidir. Lakin sənəddə bununla bağlı konkret fəaliyyətlər nəzərdə tutulmadığı üçün Strategiyanın hansısa konkret nəticələri barədə də danışmaq mümkün deyil.

Beləliklə, təqdim olunan analitik icmal məhz Azərbaycanın kənd yerlərində tullantıların toplanması və təhlükəsiz utilizasiya sahəsində mövcud hüquqi tələblərin, bu sahədə bəzi ölkələrin təcrübələrin və qeyd olunan sahədə zəruri addımların atılması üçün mümkün mexanizmlərin analizinə həsr edilib.

1. Azərbaycanda kənd ərazilərində tullantılarının idarə edilməsilə bağlı hüquqi tələblər

Bu sahədə əsas sənədlərdən biri olan Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununa görə, insanların yaşayış mühiti onların orqanizminə təhlükəli və zərərli təsir göstərməyəcək vəziyyətdə olmalıdır. Bunun üçün səlahiyyətli qurumların zəruri dövlət, regional və yerli proqramları yerinə yetirməsi, sanitariya qayda və normalarına, gigiyena normativlərinə əməl edilməsi tələb olunur. Göründüyü kimi, qanun coğrafi məkan fərqi qoymadan bütün yaşayış məntəqələrində əhalinin sağlam və təhlükəsiz mühitdə yaşamasının vacibliyini önə çəkir.

“İstehsalat və məişət tullantıları haqqında” Qanuna əsasən, əhalinin sağlamlığının və ətraf mühitin ekoloji tarazlığının qorunması, tullantıların idarə olunması sahəsində fəaliyyət göstərən müəssisələrin yaradılması, bu məqsədlə dövlət və özəl müəssisələrin, habelə xarici investorların vəsaitlərinin cəlb edilməsi tullantıların idarə olunması sahəsində dövlət siyasətinin mühüm prinsiplərindən hesab olunur. Öz növbəsində, bu normativ akt tullantıların idarə olunması üzrə münasibətlərinin tənzimlənməsi sahəsində dövlət hakimiyyət orqanlarının vəzifələrini də müəyyənləşdirib. Məsələn, problemin həlli üçün zəruri dövlət siyasətinin, eləcə də qanunvericilik aktlarının, məqsədli proqramların hazırlanması və həyata keçirilməsi, tullantıların yerləşdirilməsi, basdırılması və emalı üçün torpaq sahələrinin ayrılması, tullantıların idarə olunmasında qanunvericiliyə uyğun şəkildə yerli özünüidarə orqanlarının iştirakının təmin edilməsi və s. belə vəzifələr sırasına daxil edilib.

Qanuna görə, bütün yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməli, zərərsizləşdirmək məqsədilə məişət tullantıları xüsusi tutumlara atılmalıdır. Bu tullantıların həmin tutumlardan kənar yerlərə atılması və ya basdırılması qadağandır.

Adıçəkilən qanunun 12-ci maddəsinin tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 saylı qərarı ilə "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları" təsdiq edilib.

Qaydalarda göstərilib ki, bütün yaşayış məntəqələri ərazisindəki küçə və keçidlər, yaşayış əraziləri, mədəni-məişət obyektləri, parklar, meydanlar, istirahət və ictimai istifadə yerləri müntəzəm olaraq tullantılardan təmizlənməli, həmin məntəqələrin ərazisində bərk məişət tullantıları yığılan tutumların yerləşdirilməsi üçün xüsusi sahələr ayrılmalıdır. Qaydalara əsasən, əhalinin sayı, tullantıların yığılma norması və müvəqqəti saxlanılması müddəti nəzərə alınmaqla tutumların sayı və həcmi müəyyən edilməlidir. Tutumların həcmi tullantıların daha çox əmələ gəlmə dövründə faktiki yığıma əsasən hər bir nəfər üçün gündə azı 0,0042 m3 tullantı nəzərdə tutularaq hesablanmalıdır. Yaşayış sahələrində sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması məqsədilə məişət tullantıları xüsusi avtonəqliyyatla daşınmalıdır. Növündən asılı olmayaraq, bütün yaşayış məntəqələri üzrə məişət tullantıların toplanmasına, utilizasiyasına və bu sahədə qanunvericiliyin tələblərinə əməl olunmasına əsas məsul qurumlar kimi yerli icra hakimiyyəti orqanları və Ekologiya Nazirliyi müəyyən edilib.

Bərk məişət tullantılarının yığılması xidmətlərinin ölkədəki bütün yaşayış və qeyri-yaşayış müəssisələrinə doğru genişləndirilməsi “Bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın əsas məqsədlərdən biri kimi müəyyən edilmişdi. Sənəddə nəzərdə tutulurdu ki, bərk məişət tullantılarının idarə edilməsində sahəsində qabaqcıl təcrübələr və mütərəqqi texnologiyaların tətbiqi imkanları öyrənilsin, onların hesabına bu sahədə idarəetmə keyfiyyəti və səmərəliliyi artırılsın. Strategiyanın qarşıya qoyduğu daha bir vəzifə isə bərk məişət tullantılarından enerji alınması üçün müvafiq tədbirlər görülməsi idi.

Qeyd olunan məqsəd və vəzifələrə nail olmaq üçün aşağıdakı addımların atılması müəyyən edilmişdi:

  • Ölkə üzrə bərk məişət tullantılarını zərərsizləşdirmək üçün sanitariya poliqonlarının və ötürücü məntəqələrin idarə olunması, həmçinin toplama və daşıma fəaliyyətini reallaşdırılması üçün yerli idarəetmə orqanlarına dəstək verilməsi;

  • Bölgələrdə sanitariya poliqonlarının və ötürücü məntəqələrin layihələndirilməsi və tikintisi;

  • Bölgələrdəki tullantı sahələrində (poliqonlarda) təkmilləşdirmə işlərinin aparılması (hasarlama, torpaqlama işləri və sahələrə nəzarətin təşkili);

  • Bölgələrdə bərk məişət tullantılarının yığılması və daşınması sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə tullantı daşıyan yük maşınlarının və konteynerlərin sayının artırılması, mövcud infrastrukturun bərpası və yeni infrastruktur obyektlərinin tikintisi.

Bu strategiyanın ardınca problemin həllinə ünvanlanan daha bir sənəd təsdiqləndi: “Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planı uzunmüddətli dövr üçün plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasını hədəfləmişdi.

Sənədin istinad etdiyi və 1994-cü ildə Avropa İttifaqının qəbul etdiyi müvafiq Direktivə əsasən qablaşdırma tullantılarının 60-70 faizi çeşidlənməli və utilizasiya edilməli, bütün qablaşdırma materiallarının 55-75 faizi təkrar emal olunmalıdır. Planda belə bir statistikaya xüsusi diqqət çəkilir ki, sənədin qüvvəyə minməsindən əvvəlki son 10 ildə ölkədə istehsal olunan plastik qablaşdırma məhsullarının həcmi 2,5 dəfə, plastik qablaşdırıcılaırn idxalı 5 dəfəyə yaxın artmışdır. Öz növbəsində, ölkədə hər il orta hesabla adambaşına 24 kq plastik tullantı yaranır.

Sənədə əsasən, plastik qablaşdırma tullantılarının toplanması və emalı ilə bağlı hüquqi bazanın təkmil olmaması, plastik tullantıların toplanılması və iqtisadi dövriyyəyə cəlb edilməsinin təşkili üzrə xüsusi sistemin olmaması, plastik qablaşdırma tullantılarının yaranması, toplanılması, emalı, yandırılması, poliqonlarda basdırılması haqqında statistik məlumatların məhdudluğu Azərbaycanda əsas problemlər olaraq qalır.

Yeri gəlmişkən, kənd yerlərində məişət tullantılarının idarə edilməsi sahəsində məsul qurumların səlahiyyərini müəyəyn edən normativ sənədlərdən biri də “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”dir. Sənədə görə,məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi üçün tədbirlər görülməsi bu qurumların fəaliyyət sferasına aiddir. Doğrudur, “Bələdiyyələrin statusu haqqında” Qanunda bələdiyyələrin yerli ekoloji proqramlar çərçivəsində bələdiyyə ərazisində məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı ilə məşğul ola biləcəyi qeyd edilir. Amma elə həmin sənəddə o da vurğulanır ki, bələdiyyələr dövlət qurumları üçün müəyyən edilməmiş funksiyaları yerinə yetirə bilər.

2. Regionlarda tullantıların formalaşmasına dair statistik göstəricilər

Dövlət Statistika Komitəsinin açıqladığı ən son rəqəmlərə (2023-cü il üzrə) görə, il ərzində bütün ölkə ərazisi üzrə tutulub zərərsizləşdirilən çirkləndirici maddələrin ümumi həcmi 300 min tona yaxın olub ki, bunun da cəmi 1,3 faizi və ya 4 min tonu Bakıdan kənarda olan regionların payına düşüb. Halbuki yenə elə həmin statistik hesabatlara görə, ölkə üzrə atmosferə atılan bütün çirkləndirici maddələrin təxminın 30%-i Bakıdan kənar ərazilərdə formalaşır.

DSK-nın ətraf mühitlə bağlı açıqladığı məlumatlara görə, ölkə üzrə yaranmış istehsal və istehlak mənşəli tullantıların adambaşına illik həcmi 400 kiloqram ətrafındadır və bunun yalnız dörddə biri və ya 100 kiloqramdan bir qədər çox hissəsi zərərsizlişdirilir.

Açıqlanan hesabata əsasən, ölkə üzrə yaranan bütün tullantıların 66 faizi və ya 2,7 milyon tonu ev təsərrüfatları, 34 faizi (1,4 milyon ton) isə iqtisadi fəaliyyət sahalərində formalaşır. Rəsmi statistikanın hesabatalarından formalaşan məişət tullantılarının hansı hissəsinin kommunal xidmətlər tərəfindən toplandığını və zərərsizləşdirildiyini ayırd etmək çox çətindir. Çünki açıqlanan hesabatlarda formalaşan tullantılar ton, toplanan kütlə isə kubmetrlə açıqlanır. Unifakasiya edilmiş ölçü vahidindən istifadə olunmadığı üçün məişət tullantılarının zərərsizləşdirmə faizini də aşkarlamaq mümkün olmur. Digər tərəfdən, DSK kommunal xidmətlər tərəfindən toplanan məişət tullantılarının həcmini bölgələr üzrə açıqlasa da, regionlar üzrə tullantıların formalaşan ümumi həcminə dair rəqəmləri gizli saxlayır. Eyni məsələ kənd və şəhər yayayış məntəqələrinə münasibətdə də zəruri göstəricilərin qapalı saxlanmasında özünü göstərir: kənd yerlərində həm formalaşan, həm də toplanan məişət tullantılarının həcmi ilə bağlı rəqəmlər hesabatlara daxil edilmir.

DSK-nın məlumatına görə, 2023-cü ildə bütün ölkə üzrə kommunal xidmət müəssisələri tərəfindən ümumilikdə 11,3 milyon kub məişət tullantısı topmanıb ki, bundan 63 faizi və ya 7,2 milyon kubu yalnız Bakı şəhərinin, 37 faizi yaxud 4,1 milyon tonu isə yerdə qalan yaşayış məntəqələrinin payına düşüb. Əhalinin hər nəfəri hesabı ilə götürdükdə Bakı şəhərinə illik 2,8 min kub, böləgələrə isə 0,5 min kub zərərsizləşdirilən məişət tullantısı düşür. Bakı və bölgələr arasındakı təxminən 5 dəfəlik fərq göstərir ki, ölkənin regionlarında, xüsusən kəndlərdə məişət tullantılarının toplanması ilə bağlı problem öz ciddiliyini qoruyur

3. Kənd ərazilərində tullantıların idarə edilməsi sahəsində beynəlxalq təcrübə

Bir çox ölkələrdə, xüsusilə də inkişaf etməkdə olan ölkələrdə kəndlərdə məskunlaşan insanlar məişət tullantıları ilə bağlı keyfiyyətli xidmətlərdən yararlanmaq imkanından məhrumdurlar.

Öz növbəsində, inkişaf etmiş ölkələrdə əhalinin əhəmiyyətli hissəsi (orta hesabla 75-80%-i) şəhər ərazilərində yaşayır və şəhər yaşayış məskənlərində tullantıların idarə olunması problemi yüksək keyfiyyətlə həllini tapıb. Həmin ölkələrdə əhalinin çox az hissəsi (təxminən 20-25%-i) kəndlərdə yaşadığından problem daha az insan əhatə etdiyindən həlli də çətinlik törətmir. İnkişaf etməkdə olan ölkələrdə isə tam əksinədir - əhalinin 50-60%-i (bəzi ölkələrdə daha çox hissəsi) kəndlərdə yaşayır, bu yaşayış məntəqələrində isə tullantıların idarə edilməsi üzrə xidmətlərin təşkili çox aşağı səviyyədədir. Nəticə etibarı ilə zəif inkişafa mailk ölkələrdə kənd yerlərində yaşayan böyük əhali çoxluğunun hesabına daha çox sayda insanın zəruri xidmətlərə əhatə səviyyəsi aşağıdır.

Dünyada problemin həllinə yönəlik müxtəlif alternativlər mövcuddur. Bəzi ölkələrdə kəndlərdə yerli özünüidarə qurumları birləşərək bələdiyyələrarası əməkdaşlıq modeli əsasında ortaq xidmət müəssisəsi yaradır, yaxud birləşdikləri regional yerli özünüidarə asossiasiya çərçivəsində müqavilə əsasında bu sahədə zəruri təcrübəyə, həmçinin infrastruktura malik həra hansı bələdiyyə bu iş həvalə edilir. Başqa bir alternativ bələdiyyə müqavilə və tender əsasında bu xidmətin təşkilini ixtisaslaşmış özəl operatorlara həvalə edirlər. Nəhayət 3-cü bir model odur ki, bələdiyyələr bu xidmətin təşkilini fərqli subyektlərlə ortaq şəkildə həyata keçirirlər. Belə ki, yerli özünüidarə orqanları müvafiq sayda saxlayıcı və çeşidləyici konteynerlər, nəqliyyat vasitələri almaqla tullantıların toplanmasını və ilkin çeşidlənməsini bilvasitə kəndin daxilində reallaşdırır, tullantıları müvafiq qaydada ayıraraq onları emal müəsssisələrinə və poliqonlara çatdırır. Bu halda poliqonlar və emal müəssisələri özəl operatorlara və ya dövlətə məxsus şirkətlərə məxsus ola bilər. Sonuncu model o zaman aktuallaşır ki, tullantıların toplanması və daşınması emal şirkətləri üçün iqtisadi baxımdan sərfəli olmur.

Nəzərə alaq ki, hazırda Azərbaycanda inkişaf etmiş ölkələrlə müqayisədə urbanizasiya səviyyəsi daha aşağıdır və əhalinin təxminən yarısı kəndlərdə məskunlaşıb. Regionlarda məişət tullantılarının emalı və çeşidlənməsi üzrə infrastruktun yoxluğunu, tullantıların açıq poliqonlara atıldığını və ətraf mühitə ciddi zərbə vurduğunu nəzərə alsaq müxtəlif inkişaf səviyyəsinə malik ölkələrdə kənd yaşayış məntəqələrində məişət tullantılarının menecmentinin təşkili təcrübələrinin öyrənilməsi çox faydalıdır.

Azərbaycanla qonşu olan Gürcüstan hələlik prosesin başlanğıcıdır və yerli səviyyədə tullantıların idarə edilməsilə bağlı xeyli problem var. Ölkədə cəmi 4 poliqon var və bu tələbatı ödəmir. Kəndlərdə tullantı meyadançası kimi rəsmi qeydiyyatda olan 60 ərazi mövcuddur. Lakin rəsmi qeydə alınmayan, əhalinin qanunsuz tullantı topladığı məkanların sayı bundan xeyli çoxdur. Ölkə üzrə 2000-ə yaxın kənd mövcud olsa da, cəmi 480 kənddə tullantıların təmizlənməsi ilə bağlı xidmətlər mövcuddur. Yerdə qalan kəndlərdə “özünəxidmət sistemi” fəaliyyət göstərir və ev təsərrüfatları məişət tullantılarını kənd ərazilərində toplayırlar.

Yerli ekspertlərin məlumatına görə, Gürcüstanda tullantıların ən azı 75%-i (900 min ton) açıq poliqonlara daşınır. Halbuku inkişaf etmiş ölkələrdə tullantıların bilavasitə yaşayış məntələqələrində çeşidlənməsi və oradan birbaşa emala getməsi sayəsində açıq poliqonlara gedən tullantların həcmi on dəfələrlə aşağı düşür.

Ekoloq-mütəxəssislərin narahat olduğu əsas problemlərdən biri də budur ki, Gürcüstanda havanın çirklənməsinin əsas səbəblərindən biri məhz açıq şəraitdə formalaşan, daşınmayan poliqonlardır. Təqdim olunan məlumata görə, havanın çirklənməsində 80% bərk tullantıları, 20% isə maye tullantılar rol oynayır.

Bütün mövcud problemlərə baxmayaraq Avropa Birliyi (AB) ilə bağladığı Assosiasiya sazişinin Gürcüstana qazandırdığı üstünlüklərdən biri də tullantıların idarə edilməsi sisteminin AB-nin standartlarına uyğunlaşdırılması istiqamətində öhdəliklər götürməsidir. Tələblərə görə, Gürcüstan tullantıların ploqinlara toplanması, daşınması və emalı ilə bağlı standartları AB-nin direktivlərinə əsasən tam yeniləməlidir. Sazişin ardınca “Tullantılaırn İdarə Olunması Məcəlləsi” hazırlanmış və 2015-ci ilin yanvarından qüvvəyə minmişdir. Sənəd tullantıların toplanması, daşınması və emalı ilə bağlı ən yaxşı beynəlxalq təcrübələri nəzərə alınmaqla işlənmişdir. Məcəllə bələdiyyələrin tullantıların toplanması və emalı ilə bağlı xidmətlərinin əhatə dairəsi geniş genişlənməsini, beynəlxalq standartlara uyğun tullantı toplama məntəqələrinin təşklini nəzərdə tutur. Hər bir bələdiyyə özünün “Tullantıların İdarə olunması Planı”nın işləyib hazırlamağa məsuliyyət daşıyır. Plan 5 illik dövrü əhatə etməli və milli səviyyədə qəbul edilmiş tullantıların idarə edilməsi strategiyasına uyğu olmalıdır. Hər bir bələdiyyə bu planı qonşu bələdiyyələrlə ortaq hazırlaya və müvafiq xidmətləri birgə təşkil edə bilərlər. Lakin sənədin hazırlanmasında bütün maraqlı tərəflərin və icmaların iştirakı şərtdir. Lakin yeni strategiya və məcəllənin qəbulundan sonra ölkənin bir neçə regionunda (Kvemo Kartli, İmereti, Kaxeti və s.) standartlara uyğun poliqonların qurulmasına başlanıb.

Gürcüstanda kənd ərazilərində tullantılaırn idarə edilməsi ilə bağlı tədbirlər yalnız Milli Strategiyada nəzərdə tutulmur. Eyni zamanda, “2017-2020-ci illərdə Gürcüstanda Kənd İnkişafına dair Strategiya”da da əsas hədəflədən biri məhz bu məsələdir . Belə ki, Strategiyanın “Ətraf mühitin mühafizəsinin və təbii resursların dayanıqlı menecmentinin təşkili” adlı əsas priroritetlərindən birinin alt məqsədlərindən biri belə müəyyən olunub: “Kənd ərazilərində tullantıların idarə edilməsinin dayanıqlı sisteminin təviqi”. Sənəddə qeyd edilir ki, kənd yaşayış məntəqələrində bələdiyyələrin məişət tullantıları ilə bağlı xidmətlərin təşkil etməsi üçün tariflər müəyyən etmək hüququ var. Lakin təcrübədə tətbiq olunan tariflər çox aşağıdır və əhalidən toplanan vəsait tullantıların idarə edilməsi üçün bütün zəncirin təşkili üçün yetərli maliyyə bazası yaratmır.

Gürcüstanda maraqlı təcrübələrdən biri də dövlətə məxsus Bərk Tullantıların İdarə edilməsi Şirkətinin ölkə boyu geniş infrasturktura malik olmasıdır. Şirkətin Tbilisi və Acarıstandan savayı müxtəlif regionlarda yerləşən 54 tullantı toplama məntəqələri fəaliyyət göstərir. Bələdiyyələr də öz ərazilərdən topladığı məişət tullantılarını həmin məntəqələrə nəql edə bilir. Son zamanlar isə beynəlxalq maliyyə kanallarından daxil olan vəsiatlər hesabına İmereti, Raça-Leçkumi, Kvama Svaneti kimi regionlarda beynəlxalq standartlara uyğun poliqonların qurulması davam edir. Məsələn, Avropa Birliyinin və Almaniyanın KFW Bankının 24 mln. avro məbləğində dəstəyilə həmin layihələr gerçəkləşdirilir.

Gürcüstanda uğurlu sayılacaq yanaşmalardan biri yaxın və orta müddətli dövr üçün kəndlərin tullantıların idarə edilməsi xidmətləri ilə əhatə səviyyəsinə dair hədəf göstəricilərin müəyyən edilməsidir. “2016-2030-cu illərdə Gürcüstanda Tullantıların İdarə olunmasına dair Milli Strategiya” sənədində qeyd edilir ki, bütün kəndlərin 2020-ci ilədək 90%-i, 2025-ci ilədək isə 100%-i həmin xidmətlərə çıxış qazanacaq. Gürcüstanın daha bir maraqlı nümunəsi regionlarda tullantıların idarə olunması xidmətlərinin təşkili üçün bələdiyyələrarası əməkdaşlıq modelinin hazırlanmasıdır. Avropa Şurasının dəstəyilə 2016-cı ilin sonlarından başlayaraq Acarıstan regionun Şuakhevi, Keda və Khulo bələdiyyələri bələdiyyələrarası kooperasiya əsasında müvafiq infrastrukturun hazırlanmasına start veriblər. Ötən dövrdə artıq layihənin texniki-iqtisadi əsaslandırılması tam başa çatdırılıb, Bələdiyyə Xidmətlərinin İnkişafı Mərkəzi yaradılıb. Xidmətlərin təşkilinin mərkəzi kimi Keda bələdiyyəsi çıxış edir və o bələdiyyələrarası əməkdaşlıq müqaviləsinə qoşulmuş digər 2 bələdiyyə üçün xidmətlərin həyata keçirilməsinə məsuliyyət daşıyır. Bələdiyyə xidmət strukturunun ümumilikdə 213 kəndə xidmət göstərməsi nəzərdə tutulur (Şuakhevi bələdiyyəsi üzrə 69, Keda bələdiyyəsi üzrə 64, Khulo bələdiyyəsi üzrə 84 kənd). Həmin kəndlərin ümumi 55 min nəfərə yaxındır. Kənd əhalisinin hər nəfəri üçün gündəlik orta hesabla 0.3 kq tullantı formalaşacağı gözlənir. İllik tullantı həcmi 6.6 min ton səviyyəsində qiymətləndirilir. Ərazilərdən bələdiyyənin xidmət personalı və texniki vasitələri tərəfindən daşınan tuallantılar Batumidə qurulmuş poliqona daşınır. Xidmət mərkəzinin yaranmasına, bələdiyyələrarası əməkdaşlıq modelinin işə salınmasına baxmayaraq hələ də bütün kəndlərdə tullantıların toplanması və müntəzəm daşınması xidmətlərinin təşkili başa çatmayıb. Məsələn, hazırda Khulo bələdiyyəsi üzrə kəndlərin 70%-i, Keda bələdiyyəsi üzrə kəndlərin 60%-i, Şuakhevi bələdiyyəsi üzrə isə kəndlərin cəmi 3%-nin xidmətə çıxışı təmin edilib. Gürücüstanda qanunvericilik və strateji sənədlərlə yanaşı kənd yerlərində tullantıların idarə edilməsi ilə bağlı institutların da məsuliyyətinin dəqiq müəyyən edilməsi prosesdə tərəqqiyə imkan verir. Ətraf Mühit və Təbii Ehtiyatlar Nazirliyi bilavasitə tullantıların idarə edilməsi sektorunda siyasət və strategiyaların hazırlanmasına məsuliyyət daşıyır. Regional İnkişaf və İnfrastruktur Nazirliyi poliqonların yaradılmasından tutmuş tullantıların nəqlinədək bütün zəruri infrastrukturun qurulmasına nəzarət edir. Səhmlərinin 100%-i dövlətə məxsus Tullantıların İdarə edilməsi Şirkəti isə Tbilisi və Acarıstan istisna olmaqla bütün ölkə boyu poliqonların fəaliyyətini təmin edir. Bələdiyyələr isə öz əraziləri daxilində tullantıların toplanmasına və poliqonlara daşınmasına öhdəlik daşıyırlar. Bütün bələdiyyələrdə bu problemin həllinə məsul olan strukturlar fəaliyyət göstərir. Bələdiyyələr bu xidməti bilavasitə ya özləri həyata keçirə, ya da hansısa şirkətlər müqavilə bağlayıb onlara həvalə edə bilərlər. Məsələn, Keda Bələdiyyəsi tullantıların toplanmasının təşkilini özü təmin edir, lakin ərazilərdən tullantıların poliqona daşınması üçün Batumi Bələdiyyəsinin mülkiyyətində olan “Sandasuptaveba Ltd” şirkətilə müqavilə bağlayıb. Ən müxtəlif kəndlərlə fərqli dislokasiyalarda yerləşən poliqonlar arasında fərqlər bəzən 80 kilometrə qədər uzanır.

Azərbaycanla qonşu olan başqa bir ölkədə - Türkiyədə 17739 kənd yaşayış məntəqəsi mövcuddur. Ölkə qanunvericiliyinə “Ətraf mühit”, “Bələdiyyə” və “Böyükşəhər Bələdiyyə” qanunları) görə, rayon mərkəzlərində və iri şəhərlərdə tullantılarla bağlı xidmətlər bilavasitə seçilmiş yerli özünüidarə qurumları həyata keçirir. Kəndlərdə isə bu xidmətin həyata keçirilməsinin 2 modeli var: 1) Əhali sayı və ərazi ölçüsü bələdiyyə yaratmaq hüququ olan kəndlərdə bu xidmətlərin təşkili bələdiyyələrin səlahiyyətindədir; 2) bələdiyyələrin yaradılmadığı kiçik kəndlərdə isə bu xidməti vilayət (ellər) və ya rayonlar (ilçələr) səviyyəsində dövlət hakimiyyət orqanlarına (valilik və kaymakamlıklar) bağlı olan “özəl idarə” hüquqi statusuna malik və təmizlik xidmətləri üzrə ixtisaslaşmış şirkətlər həyata keçirir. “Bələdiyyə” Qanununa görə, bir kəndin özünə bələdiyyə seçə bilməsi üçün ya ən azı 5000 nəfər əhalisi olmalı, ya da həmin kəndə ən yaxın bələdiyyə mərkəzi ilə aradasınkı məsafə 5 kilometr olmalıdır. Məsafə uyğun olduqda, həmin mərkəzlə birləşərək bələdiyyənin təşkili mümkündür. Bu 2 şərtdən biri ödənmədikdə, kənd yaşayış məntəqələrində bələdiyyə yaradılmır və onların idarə edilməsi əhalinin səsi ilə seçilən, lakin dövlət hakimiyyətini təmsil edən “muxtar”a həvalə olunur.

Ayrı-ayrı bölgələrdə özəl idarələrin tullantıların toplanması və daşınması xidmətləri göstətdiyi kəndlərin sayı fərqlidir. Məsələn, 2018-ci ildə Amasya bölgəsində özəl idarədən xidmət alan kəndlərin sayı 372 olub. Əhalisi 500 nəfərdən çox olan 30 kənddə həftədə ən azı 2 dəfə, əhalisi 500 nəfərdən az olan digər kəndlərdə isə 1 dəfə tullantıların ərazidən depolara daşınması təmin edilib. Kəndlərə ümumilikdə 5000 ədəd tullantı konteyneri paylanıb. Elazığ regionunda Valiliyə bağlı özəl idarə tərəfondən 136 kəndə təmizlik xidmətləri göstərilir. Həmin kəndlərə tullantıların toplanması üçün ümumilikdə 2000 toplayıcı konteynerlər paylanıb.

Oxşar layihələr Türkiyənin böyük şəhərlərinin əhatə dairəsində olmayan 51 vilayətinin hamısında mövcuddur. Son zamanlar isə Türkiyə bələdiyyələri təkrar emal sayəsində ərazilərin enerjiyə tələbatının ödənilməsinə, tullantısız istehsala nail olmaq üçün tullantılardan elektrik enerjisi almağa təşəbbüs göstərirlər. Getdikcə ölkəboyu bu təşəbbüs genişlənir.

4. Azərbaycanda yaşayış məntəqələrində tullantıların idarə edilməsilə mümkün mexanizmlərin yaradılması

Hazırda mövcud olan hüquqi şərtlər, ilk növbədə “İstehsalat və məişət tullantıları haqqında” Qanunun və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələbləri kənd yaşayış məntəqələrinin məişət tullantılarından təmizlənməsini öhdəlik olaraq yerli icra hakimiyyəti orqanlarının üzərinə qoyur. Lakin reallıqda bu səlahiyyət icra edilmir. İcra hakimiyyətlərinin tabeçiliyində fəaliyyət göstərən mənzil-kommunal təsərrüfatları yalnız rayon mərkəzlərində və digər respublika əhəmiyyətli şəhərlərdə həmin xidmətlərin göstərilməsilə kifayətlənir, kənd ərazilərində anoloji xidmətin icrasına dair hüquqi tələbin olmadığını əsas gətirirlər. Problem ondadır ki, mənzil-kommunal təsərrüfatlarının fəaliyyətini tənzimləyən ayrıca əsasnamə və ya digər hüquqi sənədlər olmadığından vətəndaşlar və ya onlaırn maraqlarını müdafiə edən ictimai təşkilatlar bu sahədə səlahiyyətli dövlət qurumları qarşısında iddia və tələblə çıxış edə bilmirlər. Xüsusilə də 2009-cu ildə qəbul edilən yeni Mənzil Məcəlləsində mənzil istismar sahələrinin və onların kommunal xidmət strukturlarının fəaliyyətinin hüquqi tənzimlənməsinə dair heç bir müddəa yoxdur.

“Bələdiyyələrin statusu haqqında” Qanun yerli özünüidarə qurumlarının kənd ərazilərində məişət tullantılarının toplanması və nəqli ilə bağlı xidmətləri göstərə biləcəyini qeyd etsə də, qüvvədə olan qanunvericilik dövlət hakimiyyət orqanları üçün istisnasız müəyyən edilmiş səlahiyyət və vəzifələrin bələdiyyələr tərəfindən icrasını qadağan edir. Mövcud vəziyyətdən çıxış üçün bir neçə mexanizm reallaşdırıla bilər və onların bəziləri aşağıda əks olunub:

Əgər mərkəzi hökumət kənd yaşayış məntəqələrinin məişət tullantılarından təmizlənməsi və bu tullantıların daşınması, poliqonların qurulması üçün bələdiyyələrə müstəsna səlahiyyət, səlahiyyətin icrası üçün zəruri resurslar verməyə tərəddüd edirsə, bu halda həmin funksiya icbari səlahiyyət kimi rayon mənzil-kommumal təsərrüfatı qurumlarına həvalə edilməlidir. Şübhəsiz ki, bu halda kənd yerləri üçün məişət tullantılarının toplanması və daşınması üçün şəhərlərdən fərqli tariflərin müəyyən edilməsinə, güzəştlərin tətbiqinə ehtiyac olduğu müəyyən edildiyi halda, güzəşt kateqoriyasının əhatə dairəsinin dəqiqləşdirilməsinə, güzəşt kateqoriyası üzrə büdcə dəstəyinin müəyyən edilməsinə, kəndlərin ehtiyaclarını nəzərə alaraq dövlət büdcəsi hesabına mənzil-kommunal təsərrüfat qurumlarının avtomobil parkının genişləndirilməsinə və kənd ərazilərinin çeşidli tullantılar üçün qutularla təchizatının təmin edilməsinə ehtiyac olacaq. Lakin b modelin əsas çatışmazlığı odur ki, xidmətin tam mərkəzləşdirilməsini, 3500-ə yaxın kənd və qəsəbə üzrə məişət tullantılarının idarə edilməsi üzrə xidmətlərin icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərən mənzil-kommunal təsərürfatı qurumlarının sərəncamında saxlanmasını nəzərdə tutur. Halbuki əhaliyə xidmətlərin əksmərkəzləşmə əsasında daha çox müstəqil, əhalinin ictimai nəzarət altında saxlaya bildiyi, həmçinin seçki yolu ilə səs verib formalaşdırdığı yerli özünüidarə orqanları tərəfindən həyata keçirilməsi həmin xidmətlərin keyfiyyətini və effektivliyini daha da yüksəldir.

İkincisi bir istiqamət kənd ərazilərinin məişət tullantılarından təmizlənməsinin bələdiyyələrin müstəsna səlahiyyət kimi tanınmasıdır. Bu halda təbii ki, hər bir kənd bələdiyyəsi üçün ayrılıqda bir kommunal təsərrüfat formalaşdırmaq, zəruri nəqliyyat və texniki vasitələr alıb saxlamaq iqtisadi cəhətdən səmərəli olmaya bilər. Bu baxımdan bir neçə kənd bələdiyyəsinə xidmət göstərən birliklər (bələdiyyələrarası müəssisə) formasında müştərək kommunal xidmət müəssisəsi yaradıla bilər. Məsələn, kənd əhalisi 50 min nəfər olan rayonlarda 2, 100 min nəfər olann inzibati vahidlərdə 3 və ya 4 bələdiyyələrarası kommunal xidmət müəssisəsini yaradılması mümkündür.

Yeri gəlmişkən, Azərbaycan qanunvericiliyi bələdiyyələrarası əməkdaşlığın inkişafını qadağan etmir. Lakin təcrübədə bu əməkdaşlıq təcrübəsi yayılmayıb. Buna başlıca səbəbi də elə bələdiyyə ərazilərində əhalinin əldə etdiyi müxtəlif sosial və ictimai xidmətlərin çatdırılmasını tənzimləyən sahə qanunlarında, həmçinin yerli sosial-iqtisadi inkişafın təmin edilməsi üzrə yerli əhəmiyyətli müxtəlif hakimiyyət səlahiyyətlərinin icrasını tənzimləyən normativ-hüquqi aktlarda bələdiyyələrarası əməkdaşlıq modelnin tətbiqinin mümkünlüyünün nəzərdə tutulmamasıdır. Potensial olaraq bələdiyyələrarası əməkdaşlığın inkişaf etdirilməsi mümkün və vacib olan əsas ictimai xidmətlərin göstərilməsi ilə bağlı funksiyaları bələdiyyələrə deyil, müxtəlif dövlət qurumlarına və ya dövlət şirkətlərinə həvalə edilib. Başqa sözlə əməkdaşlığın tətbiqi üçün potensial sfera mövcud deyil.

Azərbaycanda bələdiyyələrarası əməkdaşlığın inkişafı üçün yaxşı işlənmiş strategiyaya ehtiyac var. Strategiyada yerli və beynəlxalq səviyyədə müxtəlif təsisatların rolu, təsir imkanları, fəaliyyət istiqamətləri və resursları dəqiq müəyyən edilməlidir. Heç şübhəsiz, burada əsas rol mərkəzi hökumətə məxsusdur. Əgər hökumət bələdiyyələrarası əməkdaşlığı yerli özünüidarənin inkişafı sahəsində özünün prioritetləri sırasına daxil edərsə, bu artıq əməkdaşlığın hüquqi aspektlərinin tam və mükəmmlə işlənməsi üçün bütün siyasi maneələri aradan qaldırmış olacaq. Mərkəzi hökumət həmçinin bələdiyyələrarası əməkdaşlığın inzibati və maliyyə çərçivələrinin də tam müəyyən edilməsində həlledici oyunçu hesab edilə bilər.

Ümumiyyətlə isə Azərbaycanda hazırkı şəraitdə 2 sahədə - kənd yerlərində içməli su təminatı və məişət tullantılarının toplanması və nəqli istiqamətində bələdiyyələrarası əməkdaşlığın inkişaf etdirilməsi müsbət nəticələr verə bilər. Çünki şəhərlərdə həm içməli su təminatı, həm də məişət tullantılarının toplanması və nəqli mərkəzləşdirilimiş qaydada dövlət müəssiələri tərəfindən həyata keçirilir. Kənd yerlərində isə bir qayda olaraq mərkəzləşdirilmiş içməli su infrastrukuru mövcud deyil, məişət tullantılarının toplanması üçün mənzil-kommunal təsərrüfatları fəaliyyət göstərmir.

Kənd yerlərinin məişət tullantılarından təmizlənməsində ortaq bələdiyyə müəssisələrinin inkişaf etdirilməsi üçün bir sıra hüquqi-institusional addımların atılmasını zəruri edir. Məsələn, ortaq kommunal müəssisə yaradan bələdiyyələrin müştərək şəkildə tullantıların İdarə olunması planı işlənib hazırlanmalıdır. Eyni zamanda, hökumətin regional inkişafla bağlı proqram və startegiyalarında kənd ərazilərində tullantılarla bağlı xidmətlərin təşkili kənd inkişafı üzrə əsas priroritetlərdən biri kimi müəyyən edilməlidir. Məsələn, 2035-ci ilədək Azərbaycanda kəndlərin ən azı 95%-nin müvafiq xidmətlərlə əhatə edilməsi hədəf olaraq müəyyənləşdirilə bilər.

Nəhayət, əgər hökumət kənd ərazilərinin tullantılardan təmizlənməsi ilə bağlı yuxarıda qeyd olunan 2 modeldən heç birini seçmək istəmirsə, bu səlahiyyəti “autsorsinq” üsulu ilə müsabiqələr əsasında özəl operatorlara həvalə edə bilər. Bu halda hökumət məişət tullantılarının toplanması və daşınması ilə məşğul olan özəl şirkətlərin yaranmasını təşviq etməli, onlara ictimai xidmət göstərən müəssisələr kimi mümkün olduğu qədər minimum vergi yükü müəyyən etməlidir. Özəl operatorlar fəaliyyət göstərdiyi halda qanunverciliyin müəyyenləşdirdiyi öhdəliklərin dairəsindən asılı olaraq bələdiyyələr və ya icra hakimiyyətləri ərazi üzrə operatoru tender əsasında seçə bilərlər. Lakin tullantıların toplanması və nəqli tarifləri özəl sektor tərəfindən deyil, onlarla müzakirlər əsasında bələdiyyə şuraları tərəfindən tənzimlənməlidir.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı İB

ekspert qrupu - nhmt-az.org


Geri qayıt