Əsas Səhifə > Sosial, Manşet > Nazirə Qobustandan məktub var...

Nazirə Qobustandan məktub var...


2-03-2016, 08:37
Nazirə Qobustandan məktub var...
DİA.AZ: - Bir qrup Qobustan rayon təhsil şöbəsi işçiləri adından Təhsil naziri Mikayıl Cabbarova müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir:

“Çox hörmətli, Cənab Nazir!

Son illər Azərbaycanda təhsilin inkişafına böyük diqqət yetirilir. Azərbaycanda təhsili dünyanın qabaqcıl təhsil sisteminə çatdırmaq üçün çox böyük və təxirəsalınmaz işlər görülür, yeni təhsil sistemləri tətbiq edilir. Son müasir avadanlıqlardan, kompüter sistemindən istifadə olunur, təhsilin gələcək inkişafı üçün güclü kadrlar yetişdirilir.

Hörmətli, Cənab Nazir!

Təhsilimizin bu cür sürətli inkişafına mane olan, onu ləngitməyə çalışan şəxslər də az deyil. Belə insanlardan biri də Qobustan rayon təhsil şöbəsinin müdiri Fizuli Pirəliyevdir. Bu şəxs təhsilin bərbad hala düşməsinə, uşaqların təhsildən kənar düşmələrinə şərait yaradır. Bir çox məktəblərdə dərslər keçirilmir, xüsusilə qışlaq zonasında olan məktəblərin adı var. Orada saxta yollarla jurnallar yazılır, müəllimlərə verilən əmək haqqı yarıbayarı mənimsənir.

Bir çox məktəblərdə artıq dərs saatları bəzi ixtisasa uyğun olmayan müəllimlərin adına yazılır, əmək haqqlarının bir qismi də bu yolla mənimsənir. Uşaqlara paylanacaq dərsliklər və digər dərs ləvazimatları onlara verilmir. Məktəblərdə şagirdlərdən əsassız olaraq pul toplanılır, müxtəlif adlar altında toplanan bu pullar təhsil şöbəsinin müdiri Füzuli Pirəliyevin cibinə gedir. Bu harınlamış, müəllim adına yaraşmayan hərəkətlərə yol verən belə insanlar Qobustan rayon təhsilinə qara ləkədən başqa bir şey deyil”.

Daha sonra diaaz.space-a daxil olan müraciətin mətnindən anlaşılır ki, özlərini “Qobustan rayon təhsil şöbəsi işçiləri” kimi təqdim edən şəxslər nazirdən kömək istəyirlər: “Son vaxtlar ölkə başçımız möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz çıxışlarında rüşvətxorluğa, korrupsiyaya yol verən məmurlar haqqında ciddi tədbirlər görülməsini qəti şəkildə diqqətə çatdırmışdı. Ümidvarıq ki, Siz bir nazir kimi təhsil şöbəsinin müdiri Füzuli Pirəliyevin haqqında ciddi ölçü götürəcəksiniz”.


Geri qayıt