Əsas Səhifə > Araşdırma / Manşet / Güney Press > "1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..."
"1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..."Bu gün, 06:08 |
Ucar rayonu, Yuxarı Şilyan kənd sakini İsayeva Şəbnəm Bəkir qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:
"Mən 2009-cu il tarixdən Ucar rayonu Yuxarı Şilyan kənd körpələr evi–uşaq bağçasının tərbiyəçi-müəllim vəzifəsində işləyirəm.
13 iyun 2025-ci il tarixində bağçanın müdir əvəzi Emin Orucov tərəfindən mənə əsassız və qərəzli şəkildə Əmək Məcəlləsinin 186.2(b) maddəsinə əsasən "şiddətli töhmət" intizam tənbehi verilib.
Bağçanın faktiki davamiyyətinə uyğun olaraq mən yalnız iştirak edən uşaqları jurnala daxil edirdim. Lakin Emin Orucov dəfələrlə məndən iştirak etməyən uşaqların da adlarını əlavə etməyimi tələb edirdi. Mən isə bu qanunsuz və yalan sənədləşməyə razı olmadım. Buna görə mənə qarşı qərəzli münasibət formalaşdı və nəticədə intizam tənbehi ilə cəzalandırıldım.
Bu qanunsuz tələbi sübut edən audio yazını sizə təqdim edirəm. Həmin səs yazısında direktor Emin Orucovun bu sözləri səsləndirir;
“Siz uşaq sayında 1-i 4 edin, 3-ü 5 edin. Bu həm sizin xeyrinizədir, həm işçilərin. 1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın. Bunu bütün bağçalar belə edir...”
Bu tələbin yerinə yetirilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsinə (vəzifə saxtakarlığı) uyğun olaraq cinayət tərkibli hüquq pozuntusudur və bu tələblərlə razılaşmadığım üçün cəzalandırıldım.
Əvvəlcə maaşımı yarım ştat etdilər, sonra isə töhmət verdilər. Mən qanun pozmaq istəmirəm. Valideynlərin övladları üçün göndərdiyi ərzağın əsasız say artımı ilə yoxa çıxmasına göz yuma bilmərəm.
Bildirim ki, Emin Orucov eyni zamanda Yuxarı Şilyan kənd tam orta məktəbinin də direktorudur.Onun məqsədi uşaq sayını saxtakarlıq yolu ilə artırıb ərzaq silib pulunu talan etmək olub.
Qeyd edim ki, Yuxarı Şilyan kənd körpələr evi uşaq bağçasında ali təhsillli müəllim yoxdur.
Hüquq-mühafizə orqanlarından, Təhsil Nazirliyindən və aidiyyəti dövlət qurumlarından məsələ ilə bağlı dərhal araşdırma aparılmasını, üzərinə qərəzli şəkildə tətbiq olunan töhmətin ləğv edilməsini və direktor Emin Orucovun qanunsuz göstərişlərinə hüquqi qiymət verilməsini xahiş edirəm..."
[media=https://www.youtube.com/watch?v=z9v3bERkezY]
Geri qayıt |