Əsas Səhifə > Üçüncü sektor / Güney Press / Manşet > Fuad Nəcəflini hakimiyyətdən YIXAN FAKTLAR: Vasif Talıbovdan fərqlənmədi...

Fuad Nəcəflini hakimiyyətdən YIXAN FAKTLAR: Vasif Talıbovdan fərqlənmədi...


Bu gün, 12:10

Məlum olduğu kimi, 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Vasif Talıbov 2022-ci ilin dekabr ayının 21-də tutduğu vəzifədən istefa verib.
Yeniavaz.com
xəbər verir ki, Talıbovun istefasından bir gün sonra – 22 dekabr 2022-ci il tarixində Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.
Qeyd edək ki, ötən həftə Azərbaycan Prezidentinin Sərəncamına əsasən Fuad Nəcəfli tutduğu vəzifədən azad edilib.
Fuad Nəcəflinin vəzifəyə başlamasından ötən 3 il ərzində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi göstəricilərində ciddi dəyişikliklər qeydə alınmayıb.
Açıqlanan rəsmi məlumatlar göstərir ki, Naxçıvan iqtisadiyyatında bir çox sahələrdə geriləmə baş verib. Məsələn, Fuad Nəcəflinin vəzifəyə başladığı 2023-cü ilin ilk 9 ayında Muxtar Respublikada 704 yeni iş yeri açıldığı halda, 3 il sonra – bu ilin ilk 9 ayında yeni açılan iş yerlərinin sayı 633 olub. Son 3 il ərzində Naxçıvanda muzdlu işçilərin sayında ciddi dəyişiklik baş verməyib. Belə ki, 1 oktyabr 2023-cü ildə Naxçıvanda 60,3 min muzdlu işçi olubsa, 3 il sonra – 1 oktyabr 2025-ci ildə onların sayı 60,4 min nəfər olub. Bunlardan başqa, son 3 ildə Naxçıvanda qeydiyyatda olan işsizlərin sayı 20 dəfə artıb. 1 oktyabr 2023-cü ildə Muxtar Respublikada 704 işsiz qeydiyyatda olduğu halda, 1 oktyabr 2025-ci ildə onların sayı 14 min 179 nəfərə çatıb. Ünvanlı sosial yardım alanların da sayı təxminən 2 dəfə artaraq bu dövrdə 7 min 234 nəfərdən 14 min 20 nəfərə yüksəlib.
Kənd təsərrüfatı sahəsində də vəziyyət ürəkaçan olmayıb. 2023-cü ilin ilk 9 ayı ilə müqayisədə bu ilin ilk 9 ayında dənli və dənli-paxlalı bitkilərin istehsalı 50,4 min tondan 38,3 min tona, bostan məhsulları 7,7 min tondan 4 min tona, kartof 28,9 min tondan 21,1 min tona, tütün istehsalı isə 88,2 tondan 22,6 tona kimi azalıb. Eyni zamanda 1 oktyabr 2023-cü illə müqayisədə 1 oktyabr 2025-ci ildə Muxtar Respublikada mal-qaranın sayı 63,8 min başdan 60,2 min başa düşüb. 3 il əvvəl – 1 oktyabr 2023-cü ildə Naxçıvanda 950 baş donuz olduğu halda, bu ilin 1 oktyabr tarixində Muxtar Respublikada bir baş da olsun donuz qalmayıb.
Digər sosial-iqtisadi göstəricilərdə də ciddi dəyişiklik baş verməyib. Məsələn, son 3 ildə ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 13,4% artdığı halda, Naxçıvanda bu göstərici cəmi 6,9% olub.


Geri qayıt