Əsas Səhifə > Üçüncü sektor / Manşet / Güney Press > Ekologiya sistemli şəkildə məhv edilir, amma...

Ekologiya sistemli şəkildə məhv edilir, amma...


Bu gün, 11:30

Tovuz rayonunun Sarıtala kənd sakini Azər Məmmədovun redaksiyamıza müraciəti bir kəndin deyil, bütöv bir sistemin nə qədər çürüdüyünü göstərir. Azər Məmmədov bu müraciətində illərlə davam edən, artıq hamının bildiyi, lakin heç kimin məsuliyyətə cəlb edilmədiyi qanunsuzluqları sadalayır. Hər biri də videolarla, faktlarla təsdiqlənmiş real hadisələrdir. Amma bu günə qədər nə bir vəzifəli şəxs cəzalandırılıb, nə də bir quru “tənbeh” eşidilib.

Məmmədov "DogruXeber.az"a bildirir ki, yaşadığı ərazidə – 2 saylı Yanıqlı meşəbəyliyində hər il şitil əkilir, lakin nəticədə bir qarış belə örtülü meşə əmələ gəlmir. Formal sənədlərlə iş görülmüş kimi göstərilir, lakin faktiki olaraq bu prosesin əvəzində təbiət sistematik şəkildə məhv edilir. Əvvəllər gözətçilərin həyat yoldaşlarının adına sənəd tərtib edilir, pullar mənimsənilirdi. İndi isə həmin işlər artıq gözətçilərin özlərinə gördürülür – yəni bu insanlar əmək haqqı almadan fiziki işə məcbur edilir. İşğalçı metodlarla meşəçilik fəaliyyətinin adını belə ləkələyənlər rəsmi şəkildə “təbiəti qoruyanlar” kimi təqdim olunurlar.

Gədəbəyin ərazisi olub, amma rəsmiyyətdə Tovuzun meşəsi kimi sənədləşdirilmiş 47-ci dolayda görünür hər şey normaldır. Rəsmən orada palıd qozası əkildiyi qeyd olunur. Amma ərazidə ağır texnikaların şumladığı sahələr, sağlam ağacların qabıqlarının soyulub məftillərlə sarındığı və inkişafının bilərəkdən məhdudlaşdırıldığı məlumdur. Bu, ağacın “süni” quruması üçündür ki, sonradan “quruyub deyə kəsildi” adı ilə sənədləşdirilsin.

Məmmədovun qeyd etdiyi daha bir vacib məqam isə odun məsələsidir. Kənddə 400 ev var. Hər evdə ən azı iki soba işləyir. Bu da ildə yüzlərlə ton odun deməkdir. Amma rəsmi sənədlərdə yalnız 15-20 nəfərə odun satıldığı qeyd olunur. Yəni yüzlərlə ton odun qara bazarda, qeyri-rəsmi pulla dövriyyəyə buraxılır. Bu sadəcə maliyyə pozuntusu deyil, bu – dövlətin sərvətinin talanıdır. Və bunun üstünü örtmək üçün edilən yalançı hesabatların, saxta qəbzlərin, “oduncağa satılıb” deyə maskalanmış mebel sexlərinə kəsilmiş ağacların hesabı heç yerdə verilməyib.

Hərbi hissələrə məxsus yük avtomobillərinin guya “yanacaq məqsədilə” daşıdığı odunların ölçüsü isə elə mebel sənayesinin tələb etdiyi standartlardır. Kəndin mal-qarasının yaxın buraxılmadığı “qorunan” şitillik ərazilər iri sahibkarların sürülərinə otlaq yeri kimi ayrılıb. Həmin ərazilərdən kəndin içməli su kanalları keçir – indi bu su kanalları mal ayaqlarının altında, sidiyin, nəcisin içində qalıb.

Bütün bu faktları "DogruXeber.az" dəfələrlə işıqlandırıb. Video sübutlar ETSN-ə göndərilib. Vətəndaşlar tərəfindən dəfələrlə şikayətlər edilib. Amma Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən verilən rəsmi cavabda qeyd edilir ki, “heç bir qanunsuzluq aşkar olunmamışdır.” Bu cavab – tək bir qurumun deyil, bütöv bir korrupsiya şəbəkəsinin necə işlədiyinin bariz nümunəsidir. Onların gözləri var, amma görmürlər. Çünki görmək istəmirlər.

Bütün bu proseslər nə ilk dəfə baş verir, nə də təkcə Tovuz rayonuna aiddir. Respublikanın istənilən rayonunda bu ssenarini tətbiq etmək mümkündür: “ağac quruyubmuş deyə kəsildi”, “otlaq yoxdur, amma fermalar doludur”, “şitil əkildi, amma meşə yoxdu”, “rəsmi odun satışı 20 nəfərə, real istifadə 2000 nəfər”.

Bu sistemin başında dayanan sabiq nazir Muxtar Babayev illərlə bu fəsadlara göz yumdu. Təkcə göz yummadı, kömək etdi, şərait yaratdı, baxdı və susdu. Əvəzində cəzalandırılmadı – əksinə, vəzifəsi artırıldı. Təbiət məhv oldu, vəzifələr böyüdü. Ekoloji cinayətlərin fonunda yüksələn karyeralar bu ölkədə ədalət meyarlarının hansı formada dəyişdirildiyinin ən aydın sübutudur.



"DogruXeber.az" 


Geri qayıt