Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > "Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..."

"Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..."


Dünən, 11:21
"Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür..."
Naxçıvan şəhərinin Qaraxənbəy və Qaraçuq kəndlərinə sərnişin daşıyan köhnə avtobuslar sağlamlıq üçün ciddi təhlükə yaradır. Sakinlərin sözlərinə görə, Sovet istehsalı olan bu avtobuslar istismar müddətini çoxdan bitirsələr də, marşrutdan çıxarılmırlar. Avtobusların gövdəsində çoxlu deşiklər olduğundan, sərnişinlər yayda toz-torpaqdan, qışda isə soyuqdan əziyyət çəkirlər. Çox vaxt yarı yolda xarab olan bu avtobuslar sərnişinləri çölün düzündə piyada qoyurlar.
Yerli sakinlərdən N. Əlizadə deyir ki, bəzən bu avtobuslar yolda alovlanırlar da:
“Bu kəndlərə cəmi iki avtobus işləyir. Hər ikisi köhnə, Sovet istehsalı olan avtobuslardır. Onlar artıq istismar müddətini keçib və nasaz vəziyyətdədir. Tez-tez xarab olub sərnişinləri yolda qoyurlar. Taksi baha olduğu üçün məcbur qalıb avtobusla gedib-gəlirik. Bu avtobusların vəziyyəti sərnişinlər üçün risk deməkdir. Yayda avtobus çox isti, toz-torpaq olur, qışda isə soyuq olur. Hətta bir neçə dəfə qısaqapanma nəticəsində avtobus yanıb. Nəqliyyat agentliyinə də şikayət etmişik, amma heç bir tədbir görülmür.”
Şikayətçilərdən S. Ramazanov isə bu avtobusların sərnişinlərin həyatını riskə atdığını bildirir:
“Məcbur qalıb avtobusla gedirik. Bu isə risk deməkdir. Hər an qəza ola bilər. Tez-tez xarab olub yolda qalır. İnsanların həyatına bu qədər biganə qalmaq olmaz. Aidiyyəti qurumlar mütləq tədbir görməlidir.”
Məsələ ilə bağlı Naxçıvan şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmadı...

"Gündəlik Naxçıvan"

Geri qayıt