Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Əmrullayevin əmrinə... Cəhridən BAŞLADILAR...

Əmrullayevin əmrinə... Cəhridən BAŞLADILAR...


9-12-2024, 11:10
Əmrullayevin əmrinə... Cəhridən BAŞLADILAR...
Naxçıvanın ən böyük qəsəbəsi sayılan Cəhridəki iki məktəbdən biri bağlanır. Bundan sonra qəsəbə cəmi bir məktəbin ümidinə qalacaq. Yenidən quraşdırılacaq məktəb binasında isə, Oba Marketlər Şəbəkəsinin mağazası fəaliyyət göstərəcək.

Artıq, bu məktəbdə təhsil alan şagirdlərin digər məktəblərə köçürülməsi ilə bağlı işlərə başlanılıb. Onların bir hissəsi qonşuluqdakı Gülşənabad kənd, digərləri isə, qəsəbədəki 2 saylı orta məktəbinə köçürüləcəklər. Bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər. Sakinlər bildirirlər ki, köçürülmə ilə bağlı artıq onlara da xəbərdarlıq olunub. Qəsəbə Babək rayonunda yerləşir.

Qəsəbə sakini B. Ağayev deyir ki, məktəbin bağlanması onlar üçün əlavə problemlər yaradacaq:

“Məktəbi bağlayıb, yerində bazar açırlar. Bu yalnız Naxçıvanda baş verə bilər. Övladım orada oxuyur. Məktəb evimin yaxınlığında idi. Yaşı az olsa da, özü məktəbə gedib-gələ bilirdi. Biz də arxayın idik. İndi deyirlər ki, məktəb bağlanandan sonra 1 saylı məktəbdə oxuyacaq. Həmin məktəb bizdən çox uzaqdır. Əgər orda və ya Gülşənəbad kəndində oxumalı olsa, bizim üçün çox çətin olacaq. Hər iki məktəb bizdən kifayət qədər uzaqdır. Hər gün məktəbə aparıb gətirməliyik. Bu isə bizim üçün əlavə əziyyət və vaxt itkisi olacaq. Hələ bunun yağışlı, qarlı günlərini demirəm. İnsanlar üçün nə qədər ziyanlı qərar qəbul edilirsə hamısına ilk olaraq Naxçıvandan başlanılır. Deyəsən bu dəfə də Təhsil Nazirliyi ilkə Cəhri kəndindən başlamaq istəyir”.

Məktəbin bağlanmasından işlərini itirəcək müəllimlər də narahatdırlar. Məktəbdə çalışan adının çəkilməsini istəməyən müəllimlərdən biri deyir ki, məqsəd, Naxçıvandakı bürcə kəsirini onlara çatacaq maaşla doldurmaqdır:

“Deyirdilər Azərbaycanda 1500 məktəb bağlanacaq inanmırdıq. Deyəsən buna başlanılıb. Həmişəki kimi təcrübəni Naxçıvanda sınaqdan çıxarırlar. Belə şey olmaz. Cəhri Naxçıvanın qəsəbə statusu daşıyan ən böyük kəndlərindən biridir. Məktəbi ləğv edib, yerində ticarət obyekti yaratmaq, oradakı işçiləri ixtisara salmaq, uşaqları başqa məktəbə göndərmək yolverilməzdir. Əvvəl dedilər uşaq bağçası olacaq. Yenə bu uyğun olardı. İndi də deyirlər, Oba Marketlər Şəbəkəsinə verilir. Bizə də artıq xəbərdarlıq edilib. Yerli təhsil nazirliyindən deyirlər ki, bu məktəbi saxlamağa büdcə çatışmır, özünüzə başqa iş tapın. İndi, bizə uşaqların köçürüləcək məktəblərə uyğun siyahılarını hazırlatdırırlar. Məktəb bağlanır”.

Yerli təhsil nazirliyindən adı çəkilən məktəbin bağlanması ilə bağlı suallarımıza cavab vermək istəmədilkər.

Geri qayıt