Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir2-12-2024, 16:46 |
Bəzən dövlətin pulu şəxsi maraqların predmetinə çevriləndə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlərdən istifadə edilir… Üç gün əvvəl mediada 35 şirkətin rəhbərinin həbsi ilə bağlı məlumat yayıldı. Məlum oldu ki,dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gələn 35 şirkətin rəhbəri Fəqani Rəhimov külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur. Aparılan istintaqla bir neçə vəzifəli şəxsin də qanunsuzluqlarının üstü açılıb. F.Rəhimov qanunsuz işlərinin çoxunu adı ilk dəfə eşidilən “İnşaat-F” MMC vasitəsilə həyata keçiribmiş. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla ümumilikdə Fəqani Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürüldüyü və bu vəsaitin 62 min manatının həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırıldığı məlum olub. Bu olayı səbəbsiz xatırlatmadıq… Təəssüf ki, korrupsiyaya, eləcə də dövlət satınalmalarında mənimsəməyə qarşı illərdir ki, aidiyyatı dövlət qurumlarının mübarizəsi hələ də gözlənilən nəticəni vermir. Bu əməliyyatlarda isə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlərdən istifadə edilir… Bəzən isə bir gün əvvəl təsis edilən, heç bir bazası, potensialı olmayan şirkətlər qalib elan edilir. Bu arada Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) daha bir tenderi yekunlaşdırıb. 21.11.2024-cü il tarixdə dövlətin bu təşkilatı “Uğur Tikinti”Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb.Bu müqavilə ilə AQTA Şamaxı şəhərində inzibati binasının tikintisi qarışılığında“Uğur Tikinti” MMC-nə 1.365.063 manat ödəməli olacaq. Bölgədəki oxucularımızın Yenixeber.org-a verdiyi məlumata görə, tərəflər arasında müqavilə indi bağlansa da, tikinti işləri bir müddət əvvəldən başlayıb(?) Məlumat üçün bildirək ki, AQTA-nın Dağlıq Şirvan Regional Bölməsinin Şamaxı şəhərində yerləşəcək inzibati binasının layihə-smeta sənədlərini “Creat Company” şirkəti 22 420 manat qarışılığında hazırlayıb. 750 m2 sahəni əhatə edəcək bina iki mərtəbəli olacaq. Bu əməkdaşlıqda diqqət çəkən faktorlardan birincisi AQTA-nın heç də az olmayan dövlət vəsaitini etbar etdiyi “Uğur Tikinti” MMC ilə bağlıdır. Bu şirkətin nəinki vergi ödəyicisi kimi barəsində heç bir məlumat yoxdur, ümumiyyətlə internet üzərindən hansısa əlaqə vasitəsinə rast gəlmək mümkünsüzdür(?) Məlum olduğu kimi, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qaununda (maddə:23) təchizatçı tərəfin üzərinə müvafiq sahədə peşəkarlıq və təcrübə, maliyyə imkanları və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması kimi öhdəliklər qoyulur. Belə olan halda yumşaq desək “Uğur Tikinti”MMC-nin fəaliyyəti ciddi araşdırmaları zəruri edir… Necə olur ki, “izi-tozu bilinməyən” bir şirkətə Qoşqar Təhməzli dövlətin pulunu etibar edir? Əlaqə telefonu belə olmayan şirkətin, yuxarıda sadaladığımız imkanlara malik olması nə dərəcədə mümkündür? AQTA-nın bu şirkəti “gündüz şam işığında” tapması hansı maraqlardan qaynaqlanır? Və s. Digər diqqət çəkən məqam isə tərəflər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?) Yazının girişində qeyd etdiyimiz kimi, bəzən dövlətin pulu şəxsi maraqların predmetinə çevriləndə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlərdən istifadə edilir… *** Biz Yenixeber.org olaraq bu və digər faktlarla bağlı AQTA-dan müəyyən suallarımıza cavab almaq istədik. Bu məqsədlə də, AQTA-nın sədri cənab Qoşqar Təhməzliyə 7 sualdan ibarət online sorğu ünvanladıq… 9 gün əvvəl göndərdiyimiz online sorğumuza hələ ki, cavab ala bilməmişik. Baxmayaraq ki, qurum rəsmiləri tezliklə cavab verəcəklərini bildirdilər. Hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur… Səlahiyyət sahibləri də medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu bilməlidirlər.Həm də onu bilmələri yaxşı olar ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb… Yenixeber.org Geri qayıt |