Əsas Səhifə > Şou-biznes > “Oxuya bilməyən müğənniyə efirdə 1 saat, mənə 10 dəqiqə verirlər, verilişlər hırraxanaya dönüb”
“Oxuya bilməyən müğənniyə efirdə 1 saat, mənə 10 dəqiqə verirlər, verilişlər hırraxanaya dönüb”Bu gün, 10:39 |
“Mənim şeirlərimi özümdən yaxşı səsləndirənlər yoxdur. Çoxu şikayət edir ki, verilişlərə çıxmırsız, şeirlər səsləndirmirsiz. Verilişləri görün nə günə qoyublar? Hansı verilişə gedim? Elə bil təlxək yığınağıdır. Mən şou proqramlara ümumiyyətlə getmirəm. 20-30 nəfəri fit çalmaq üçün studiyaya yığıblar. Durub gedim mənə də fit çalsınlar? Mən fitə basılmalı insanam? Mən efirə çıxıb ancaq mədəniyyətdən danışa bilərəm”.
Bunu Moderator.az-a açıqlamasında xalq şairi Vahid Əziz deyib.
O daha sonra əlavə edib:
“Azərbaycanda aparıcıların 90 faizi saqqal saxlayır. Elə bil erməni katalikosunun məktəbində oxuyurlar. Belə şey olar? Efirə çıxırsan, mədəniyyət sərgiləyirsən. Geyimləri bir yana qalsın, özlərini apara bilmirlər. Adam efirə baxanda iyrənir. Niyə bir ölçü götürmürlər? Belə efir olar? Zəng edib verilişə dəvət edirlər. Soruşuram ki, neçə dəqiqə çıxış edəcəm? Deyirlər ki, 10 dəqiqə. Deyirəm ki, mənim 80 yaşım var, oxuya bilməyən, kompyuterlə səsini düzəldən müğənninin çıxışına 1 saat vaxt verirlər, xalq şairini isə 10 dəqiqə üçün efirə çağırırlar. Belə olmaz axı! Efiri döndəriblər hırraxanaya. Cinayət məsələlərini də efirə çıxarıblar. Biri qaynanasına söyür, biri qaynatasına ağzına gələni deyir. Bir-birlərini təhqir edirlər, səsi də bağlayırlar ki, millət eşitməsin. Ayıb deyil? Bu gün bizim kanallar Azərbaycan xalqını geridəqalmış, mədəniyyətsiz, səviyyəsiz millət kimi tanıtdırır” deyə xalq şairi bildirib.
Xalq şairi noyabrın 23-də 80 yaşının tamam olacağını bildirib:
“Dövlətim mənə cənab prezidentimizin imzası ilə “xalq şairi” adını verib. Bir şair üçün bundan böyük ad ola bilməz! Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyinin yəqin ki, müraciətləri olacaq. Yoldaşlar kömək etdi, 500 səhifədən ibarət kitabım çapa getdi. Arzum budur ki, bütün yaradıcılığımı çap edim, ondan sonra həyatdan gedim. Əzraillə müqavilə bağlamışam, birdə gördün ki, gəldi ki, “əmioğlu, getdik” (gülür). Lazım olacaqsa gedəcəm. Bir şeirimdə demişəm ki, “gedəcəyəm göylər məni çağırır”. Amma hələ ki, yerdə gəzirəm” deyə o bildirib.
Geri qayıt |