Əsas Səhifə > Şou-biznes > “Röyanı ora Mədəniyyət Nazirliyi göndərməyib..."

“Röyanı ora Mədəniyyət Nazirliyi göndərməyib..."


Bu gün, 11:53

“Kann film festivalında Röya Ayxan hansısa təşkilatın brendi kimi iştirak edirdi. Bu çox normal bir şeydir. Hətta deyərdim ki, əladır. Bu festivalda bizim kinematoqrafçılarımızın iştirakının qarşısını kim alır ki? Bundan ötrü nə etmək lazımdır? Əlbəttə ki, layiqli film çəkib, oradakı müsabiqədən keçmək lazımdır. Hansısa bloger, müğənni gedib nüfuzlu festivalda iştirak edirsə, biz buna qısqanclıqla yanaşmamalıyıq. Hər bir festivalın içərisində maliyyə gətirən müəyyən reklamlar olur. O blogeri, müğənnini festivala Mədəniyyət Nazirliyi göndərməyib ki. Hansısa yollarla gediblər və əcəb ediblər”.
Bunu Moderator.az-a açıqlamasında kinorejissor Şamil Əliyev deyib.
O daha sonra əlavə edib:
“Bu insanları bir çoxu tənqid etdi. Mən deyərdim ki, onların bu işdən başı çıxmır. Röya Ayxan hansısa şirkətin təmsilçisi kimi orada çıxış edibsə, bundan gözəl nə ola bilər ki? Bu da olmalıdır. Kinonun həm də şou tərəfi var. Bu dəqiqə süni intellekt də də kinoya sirayət edir. Bu bizim üçün gələcəkdə hansı problemlər yarada bilər. Hətta dövlət başçıları da bir-biri ilə görüşəndə süni intellekt mövzusunu qabardırlar. Buna hazır olmaq lazımdır. Yaxşı film çəkmək, festivalda iştirak etmək üçün sadəcə olaraq bu işi bilmək lazımdır. Həm də maraqlı ssenari olmalıdır. Röya xanımın festivalda iştirak etməsi, hansı rejissorun yaxşı film çəkməyinə mane olur ki? Əlbəttə ki, heç kimin. Əksinə, bunun özü də Azərbaycanın adıdır. Festivallarda iştirak etmək üçün mənim qarşımı həmin blogerlər almır. Əksinə, festivallarda gedib tək qalıram. Hətta özümü sıxıntılı hiss edirəm. Kino sahəsini sevmək lazımdır, başqa yolumuz yoxdur”, - deyə rejissor bildirib.
Şamil Əliyev bugünki gündə sənətçilərin ən yaralı yeri olan qonorardan da danışıb:
“Qonorar sistemi Sovet dövründə də var idi. Kinoda, teatrda çalışan insanların öz qonorar sistemi mövcud idi. Xalq artisti günü 56 manata çəkilib, 25 manata məşq edirdi. Bundan kənara heç kim çıxa bilməzdi. Müstəqil olandan sonra kino haqqında qanun qəbul olundu. Xalq artisti bu gün deyir ki, mənim qonorarım azdır. Onu da başa düşmək olar. Filmin müəyyən büdcəsi var. Prodüser və rejissor həmin büdcə ilə qərarlar qəbul etməlidir. İndiki filmlərin büdcəsi də bəllidir. Bir milyona, milyon yarıma film başa gəlir. Orada xalq artisti adına görə qonorar vermirlər. Əsas baş rolda oynayan aktyor daha çox məbləğ alır. Xalq artisti məsələsi getdikcə öz əhəmiyyətini itirir. Görürsüz ki, 5 ildən çoxdur ki, fəxri adlar verilmir. Düzdür, fəxri adlar verilsə nə olacaq, verilməsə nə olacaq? 5 ildir fəxr ad verilmir və buna da aydınlıq gətirilmir. Fəxri ad mövzusunu Milli Məclis həll etməlidir. Milli Məclisdə məsələ qaldırılmır. İndi xalq artisti fəxri adına layiq adamlar yoxdur ki? Əlbəttə ki, var! Yaxud da əvvəldən bu adamlar fəxri adları alıblar. Onlara müəyyən pul verilir. Bunların aqibəti necə olacaq? Görün “nə qədər müəmmalı suallar var. Bu tərəfdən də xalq artisti deyir ki, mənim fəxri adım var, bu qədər qonorar verməlisən”. Mən baş rolun əməkdar yaxud xalq artisti olmasına görə ona qonorar verilməsinin tərəfdarı deyiləm. İşin səviyyəsinə görə, aktyorun zəhmətinin müqabilində qonorar yazılmalıdır. Bu belə tənzimlənməlidir. Bizi daha dərin məsələlər düşündürməlidir. Rəhmətlik Fuad Poladov mənim qısametrajlı filmimdə çəkilmişdi. Rola gəlmişdi o, pula gəlməmişdi. Həmçinin Sənubər İsgəndərli də. Heç maraqlanmadılar ki, biz onlara nə qədər pul veririk. Ssenarini oxuyub gəldilər. Düzdür, onlar məni tanıyırdılar. Burada ssenari də, rejissor işi, rol da önəmlidir” deyə rejissor bildirib.

Geri qayıt