Əsas Səhifə > Şou-biznes > "Biz siyahıya alınmamışıq"
"Biz siyahıya alınmamışıq"Bu gün, 10:00 |
“Noyabrın ayının əvvəllərində Ağdam şəhərinə ilk köç yola salınacaq. 30 ildən sonra ağdamlılar nəhayət ki, öz ev-eşiklərinə qovuşurlar. Onları təbrik edirəm, gözləri aydın olsun. Ağdam sakinləri üçün bundan böyük sevinc ola bilməz. Doğma yurda qovuşmaq uşaqdan-böyüyə hər kəsin arzusudur. Doğulduğu yer insanı get-gedə ağuşuna alır. Torpaqda insana ruh verilir”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Nəzakət Teymurova deyib. O daha sonra əlavə edib:
“30 ilə yaxın insanlar çox əziyyət çəkdi. Eldən, obadan ayrı düşdülər. Elə adamlar var ki, görəndə də tanımırıq. Heç olmasa o vaxt görüşürdük, get-gəl var idi. Məcburi-köçkün həyatı bizi bir-birimizdən ayrı saldı, çox yordu. Demək olar ki, rayonlara, kəndlərə, yataqxanalara və “opşitel”-lərə düşdük. Bir gün yuxudan oyanıb görürsən ki, artıq heç nəyin yoxdur. Bir günün içində heç nəsiz qalırsan. Halbuki o ev-eşikləri min bir əziyyətlə ərsəyə gətirmişdilər. Biz də, yaxınlarımız da, qohumlarımız da bu əziyyətləri çəkiblər” deyə xanəndə bildirib.
Xalq artisti bildirib ki, hələ ki, kəndlərində abadalıq işləri aparılmır:
“Biz siyahıya alınmamışıq. Çünki bizim Əlimədətli kəndimizdə hələ təməl qoyulmayıb, abadlıq işləri aparılmır. Əlbəttə ki, mən də istərdim öz torpağımda məskunlaşım. Bizim də elə son yerimiz oradır. Muğam sənətini də inşallah ki, orada inkişaf etdirərik. Anam da deyib ki, məni qızımın, atanın yanında dəfn edin. Bu hər bir kəsin arzusudur ki, əzizlərinin yanında olsun. Allah anama ömür versin. Atamın, nənəmin və bacımın məzarları kəndimizdədir. Bacımın başdaşı mərmərdən olduğu üçün ermənilər götürüb aparmışdılar. Digər məzarları isə dağıdıblar. Hələ ki, gediş-gəliş çox yoxdur deyə məzarları bərpa edə bilmirik. Kəndimiz abadlaşdırılsa ilk elə məzarların bərpasından başlayacağıq” deyə sənətkar bildirib.
Geri qayıt |