Əsas Səhifə > Şou-biznes > Əməkdar artistdən həmkarlarına İRAD

Əməkdar artistdən həmkarlarına İRAD


Bu gün, 09:55

"Muğamı regionlara, bölgələrə bölmək olmaz. "Qarabağ muğamı" nədir? "Şirvan muğamı" nədir? Bunların hamısı bizi parçalayır. Muğamın bir adı var. O da Azərbaycan muğamı. Mənim Şəkidən də, Şirvandan da, Qarabağdan da tələbələrim var. Ömür boyu onların heç birinə fərq qoymuram. Sənətkar da regionlara bölməməlidir. Bir ayda 10 toy oxuyuramsa onun 8-i Şirvan toyudur. Onda deyim ki, mən Ağdamlıyam, ağdamlıların toyunu oxumalıyam?"
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Sevinc Sarıyeva deyib. O daha sonra bildirib ki, hər muğamı toyda ifa etmək olmaz:
"Kimin ürəyindən nə keçirsə, səsinə nə düşürsə onu da oxuyur. Bir də yerinə baxır. Elə məclis var ki, orada dəstgah muğam oxumaq olmaz. Orada xırda, kiçik həcmli muğam oxumalısan. Kim nə qədər yük götürürsə onu da daşıyır" deyə o bildirib.
Sevinc Sarıyeva sənətçilərin, xüsusilə də xanəndələrin insanların bədii-estetik zövqünün formalaşmasındakı rolundan da danışıb:
"Bizi zirvəyə qaldıran da, yerə endirən də tamaşaçıdır. Hər gün efir vasitəsilə milyonlarla insanın evində qonaq oluruq. Qonaq olduğumuz evə hörmətsizlik edə bilərikmi? Yox! Bizə hər nəslin nümayəndəsi baxa bilər. Ona görə biz milli əxlaqi dəyərlərimizi özümüzlə bərabər qonaq olduğumuz hər evə ötürməliyik. Biz- muğam ifaçıları isə, xüsusilə bu mövzuda diqqətli olmalıyıq. Geyimimiz, oturuşumuz-duruşumuz, danışığımızla nümunə olmalıyıq" deyə xanəndə bildirib.

Geri qayıt