Əsas Səhifə > Şou-biznes > “Bu sözümdən sonra nazirlik əməkdaşlarını işdən çıxartdılar...”

“Bu sözümdən sonra nazirlik əməkdaşlarını işdən çıxartdılar...”


Bu gün, 10:33

“Bir neçə il əvvəl yubileyim olanda bir jurnalist xanım mənə sual verdi ki, 70 rəqəmi sizə nə deyir? Dedim ki, ay qızım, 70 nə deyə bilər? Deyir ki, ömrünün çoxu gedib, azı qalıb. Heç ağlıma gəlməzdi ki, mən bu qədər yaşaya bilərəm. Allahın işidir də, ömür bəxş edib yaşayıram. Bu Allahdan mənə verilən bir paydır. Çalışıram ki, nikbin olum, pessimizmə qapılmayım. Çünki o özü bir bəladır. Həyata nə qədər şux, sevgi ilə baxsan yaxşıdır”
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Nəcibə Hüseynova deyib. O daha sonra dublyaj sənətçilərinə qarşı illərdir laqeyd münasibətin olduğunu bildirib:
“Mən nə teatrda çalışıram, nə də filmlərə çəkilirəm. Biz dublyaj aktyorları nə mükafat alır, nə də bir başqa fəxri adlara təqdimatımız gedir. Mən hələ 2015-ci ildə dublyajla bağlı fikirlərimi nazirliyin bizim üçün təşkil etdiyi gecədə demişdim. Orada dedim ki, dublyaj aktyorları heç də rol oynayan aktyorlardan əskik deyil. Onlar da əziyyət çəkirlər, ən azından qapalı məkanda saatlarla qalırlar. Onları mən fədakar insan sayıram. Mən bu sözlərimi xüsusi olaraq qeyd etdim və nə qədər alqışlandım. Çünki hamının ürəyindən xəbər vermişdim. Amma təəssüf ki, heç nə dəyişmədi. Orada nazirlikdən bir-iki nümayəndə var idi. Onlar mənimlə paralel oxumuşdular, yaşıdlarım idi. Dedilər ki, biz bundan sonra bu mövzuya başqa cür yanaşmalıyıq. Üstündən bir az keçdi onların hamısını dəyişib, o komandanı işdən çıxartdılar. Bu sözümdən sonra 2-3 dəfə bizim nazir dəyişib, amma mövzu olduğu kimi qalıb. Bir sözlə biz havadan asılı qalmışıq. Amma deyilənə görə bu günlərdə tədbirlərdən birində bildiriblər ki, nazirlik bu məsələyə xüsusi yanaşma göstərəcək, hətta maliyyə də ayıracaq. Təki belə olsun. Bir neçə dəfə cavan aktyorlardan mənə bir sual veriblər ki, çox maraqlıdır adlar çıxır, amma sizin adınızı mükafat və təqaüd alanların sırasında görmürük? Bilmədim nə deyim?! Köhnə nazirliyin komandası məni çox əla tanıyırdı. Çünki neçə illər teatrda çalışmışam, onlar məni izləyiblər. Uzun illərdən sonra mənim fəxri ad məsələm ortaya çıxanda Əbülfəs Qarayev demişdi ki, o çoxdan almalıdır. Əslində hələ neçə il əvvəl mən “xalq artisti” fəxri adı almalı idim. Hər şey vaxtında gözəldir. Bu gün sənətə münasibət tamam başqadır. İndi deyə bilərlər ki, Nəcibə nə edib ki? Amma vaxtında mən də nəsə etmişəm. Elə dublyaj sahəsindəki xidmətlərimi nəzərə alsalar nə qədər çalışdığımı və əziyyət çəkdiyimi görərlər” deyə sənətkar bildirib.

Geri qayıt