Əsas Səhifə > Şou-biznes > "Niyaməddin müəllim mənə dedi ki, 50-100 mahnım sənə qurbandır"
"Niyaməddin müəllim mənə dedi ki, 50-100 mahnım sənə qurbandır"Bu gün, 06:28 |
![]() “Bəzən rəylərdə yazırlar ki, bu uşağın öz mahnısı yoxdurmu onun-bunun mahnısını oxuyur? Öncə mən onu deyim ki, mənim üçün xüsusi yazılan mahnılar var. Sadəcə olaraq istədiyim və gözlədiyim nəticələri əldə edə bilmədim. Düzdür, yutub üzərində baxışları normal idi, amma tam istədiyim hədəfə çatmadım” Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni NURAN deyib. O daha sonra köhnə mahnılara müraciət etməsini belə izah edib: “Bizim köhnə mahnılar heç vaxt unudulmur. İstənilən kəs unudulmuş dediyimiz mahnıları bilir. Mən də Baloğlan Əşrəfovun yaradıcılığını çox sevirəm. İlk istədim ki, onun repertuarına müraciət edim. Biz bunu komanda şəkilində etdik. Mənim bu işlərimi görən və bu tərzi yaradan insanlardan biri də jurnalist Elvin Elxandır. Elçin Cəfərov bütün musiqi işlərimlə maraqlanır, mənə məsləhətlərini verir. Bu mahnını biz belə ərsəyə gətirdik. Mən Baloğlan müəllimin oğlu ilə müğənni Hacı Nazim vasitəsilə əlaqə yaratdım. O da atasının mahnısını oxumağımı çox müsbət qarşıladı. Mən sizin vasitənizlə bir daha ona öz təşəkkürümü bildirirəm. Əlbəttə ki, Baloğlan Əşrəfovla mənim ifam müqayisə olunmamalıdır. Bir də onu fikirləşmirəm ki, bu mahnılar unudulub deyə onu yada salıram. Əsla! Məqsədim bu mahnıları yeni nəslə onların başa düşəcəyi tərzdə çatdırmaq, sevdirməkdir. Bəzən olur rəylərdə mənim mahnını pis oxuduğumu yazıb, Baloğlan müəllimin ifası ilə müqayisə edirlər. Mən hər yerdə də deyirəm ki, sənətkarlar müqayisə olunmur. Mahnının möhürünü vurmuş insanla məni necə müqayisə edə bilərlər? Bunu anlamıram. Mən bu mahnını elə məhz onda görüb, sevib oxumuşam. Bu mahnılar paylaşılanda hər kəs yazır ki, siz ancaq köhnə mahnıları oxuyun. Tamaşaçıların istəyi də budur” deyə müğənni bildirib. NURAN bildirib ki, bəzən müəlliflərdən icazə məsələləri ləngiyir: “Bəzən olur ki, sənətkarlardan yaxud onların ailə üzvlərindən icazə məsələləri bir az ləngiyir, çox düşünürlər. Söz və musiqisi Musa Musayevin olan və xalq artisti Niyaməddin Musayevin ifasında sevilən “Neynim” mahnısını oxuyanda ondan birinci dəfə idi ki, bir mahnı üçün icazə alırdım. Niyaməddin müəllim mənə dedi ki, 50-100 mahnım sənə qurbandır, oxu! İlk dəfə onunla görüşəndə mahnıya qulaq asmadı. Bircə onu dedi ki, mən sənin tərzini, özünü görürəm və inanmıram ki, sən ortaya pis bir şey çıxaracaqsan. O mənə inandı. Mahnı üzə çıxandan sonra biz efirdə görüşdük. Özü də çox bəyəndi. Mən köhnə mahnıları oxuyandan sonra yeni mahnılar mənə o qədər boş gəlir ki.. Başa düşürəm ki, ruhum da qocalıb (gülür). Çünki biz bu mahnıları bağçada oxuyanda eşitmişik. Hələ də istədiyimiz o dolu musiqini, mahnını tapa bilməmişik. Köhnə musiqilər o qədər zəngindir ki, biz onları dəyişəndə belə onların üzərində çox dəyişiklik etmək olur. “O bilər, mən bilərəm” mahnısında biz 6 dəfə mahnının girişini dəyişmişik. O qədər dolğun idi ki, seçə bilmirdik” deyə müğənni bildirib. NURAN bildirib ki, ona qısqanclıqla yanaşan həmkarları da var: “Qısqanclığı açıq-aşkar hiss etdirməsələr də bu insanın daxilində olan bir şeydir. Mən yalandan deyə bilmərəm ki, bu yoxdur. Bunu hiss edirəm. Amma mən düşünürəm ki, insanda qısqanclığın dozası olmalıdır. Əslində qısqanc insanlar mənim və başqasının həyatını yaşamaq istəyən adamlardır. Çünki onlar bu keyfiyyətləri özlərində görmürlər və başlayırlar sənə qısqanclıq etməyə. Mən yenə də onları sevirəm, təşəkkür edirəm. Əminəm ki, bu qısqanclıq hamıda var. Onu idarə etmək lazımdır. Biri var pis qısqanclıq, biri də var yaxşı qısqanclıq. Mən arzu edirəm ki, hər kəs kimisə pis yox, yaxşı niyyətlə qısqansın” deyə müğənni bildirib. Geri qayıt |