Əsas Səhifə > Şou-biznes > “Hüseyni tanımıram, gedib toyunu çalsın, onun dünyadan xəbəri yoxdur”
“Hüseyni tanımıram, gedib toyunu çalsın, onun dünyadan xəbəri yoxdur”28-01-2025, 12:11 |
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu müğənni İntiqam Kərimovun Vəfa Şərifova ilə bağlı “"Heç bir opera müğənnisi bu operanı belə təmiz oxumur" açıqlamasını tənqid edib. Moderator.az-a açıqlama verən İntiqam Kərimov Hüseyn Məhəmmədoğlunun ittihamları ilə razılaşmayıb: “Mən Hüseyni tanımıram. Bircə onu bilirəm ki, Hüseynin klassik musiqiyə heç bir aidiyyatı yoxdur. O deyir və iddia edir ki, mən heç nə oxumamışam. Mən nə edim ki, onun dünyadan xəbəri yoxdur? Ona heç cavab vermək istəmirəm. O deyir ki, Elçin Cəlilovun oxuduqlarının bir faizini oxumamışam. Elçin muğam oxuyan idi. Mənimlə qonşu olub. Elçinin bütün klassik əsərlərini onunla birgə mən işləmişəm. 3-4 il ona mən “Sənsiz”, “Bəxtəvər oldum”, “Aşıqvari” və s.operaları öyrətmişəm. Mənim oxuduğum operaların hamısını oxuyan müğənni Azərbaycanda heç yoxdur. Bunu biləsiniz! Hüseyn kimdir? Onun opera musiqisindən nə anlayışı var? Bu mövzu haqda danışanların heç biri klassik müğənnilər deyil. Mənim tay-tuşum, operanı bilənlər danışsa mənə təsir edərdi. Sadəcə olaraq hansısa klarnet, toyxanada sintezator çalan nəsə deyir! Yaxşı edir, Allah köməyi olsun, məni reklam edir. Söz verdim və bu qız ariyanı oxudu. Onun arxasındayam! Keçib dayanmışam kənarda! Mən demirəm ki, Vəfa Mariya Kallasdır. Heç Hüseyn bilir ki, Mariya Kallas kimdir? Dünyanın ən böyük səsli qadın müğənnisi olub. Toy çalan gedib toyunu çalsın. Oxuduğum rollar, oynadığım tamaşalar çoxdur”. İntiqam Kərimov deyir ki, indiyə qədər toylara getməyib: “Qoy danışsınlar. Mən bildiyimi edirəm. Mən xaricdən Azərbaycana 1980-ci illərdə diplomlar gətirmişəm. Bu danışan insanların heç biri xaricdə olmayıb. Mən bu əsərləri oxuyanda indi danışanların heç biri bu sənətdə yox idi. Hamısı 10-15 ildir gəliblər sənətə. SSRİ-nin Mədəniyyət Nazirinin imzası ilə mükafatlar almışam. Mən həyatımı musiqiyə, mədəniyyətə həsr etmişəm. Həyatım boyu toylara getməmişəm. Amma heyf, gərək gedərdim. İndi bəlkə də milyoner idim. İndi də gətirib evdə pul təklif edirlər ki, toya gedim, amma istəmirəm. Xoşlamıram ki, kimsə mənim cibimə pul qoysun. Mən bunu qəbul edə bilmirəm. Amma gedəcəyəm toylara. Dişimi-dişimə sıxıb gedəcəm. Mən bir şeyi başa düşdüm ki, pul hər şeyi həll edir". Geri qayıt |