Əsas Səhifə > Şou-biznes > "Siqaret və içkidən uzağam, amma gecələr..."
"Siqaret və içkidən uzağam, amma gecələr..."30-11-2024, 09:51 |
Xalq artisti Tünzalə Ağayeva Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik. - Tünzalə xanım, artıq bu il bitir. Yeni ildə sənətinizlə bağlı nə kimi yenilikləriniz olacaq? Konsert proqramı ilə çıxış etməyi düşünürsünüzmü? - Bu suallarımı prodüserim Yalçın Cabbarova da ünvanlayın. Çünki konsert vermək tək yaradıcı iş deyil. Mən yaradıcı insan olaraq öz albomumu, proqramımı hər zaman gündəmdə saxlayıram. Mahnılar yazmaqda davam edirəm, yaradıcılığımla bağlı layihələrim çoxdur. Bunu bir araya gətirib konsert proqramına çevirmək təşkilati və maddi məsələdir. Bilirsiniz, bir konsertin baş tutması üçün niyə uzun vaxt tələb edir?! Çünki tələblərimiz kiçik deyil. Mənə konsert proqramı üçün təkliflər olur. Amma təşkilati və keyfiyyət baxımından qane olmasam, təkliflə asan razılaşa bilmirəm. Bəlkə də mən özüm vaxtı uzadıram, əngəl qoyuram. Tələblərimi isə azalda bilmirəm. Təbii ki, Azərbaycan standartları və bizim səhnəmizin imkanları çərçivəsində təsəvvür etdiyim və etmək istədiyim konsert çox gözəl olmalıdır. İnşallah, güman edirəm, bu plan nəhayət ki, 2025-ci ildə reallaşacaq. - 2025-ci il ilə bağlı arzularınız nədən ibarətdir? Gözləntiləriniz nələrdir? - Yeni ilə az vaxt qalıb, dekabr ayı çox tez keçir. Uşaq vaxtı düşünürdük ki, görəsən, 2025-ci il necə il olacaq?.. Çox uzaq və fantastik görünürdü. Uşaqlıqda fantastika sandığımız artıq reallıqdır. İnternetin, texnologiyanın həyatımıza girdiyi bir dönəmdir. 2025-ci il bir az qorxulu, bir az narahat, amma gözəldir. Dünya bir saniyənin içində istədiyin informasiyanı əldə etməyə imkan verir. Elə bir ölkə yoxdur ki, sən ora gedə bilməyəsən. Təki Allah hər kəsə imkan versin. Yolunu açıq etsin. Hər bir insanın imkanı olsun ki, dünyanı gəzsin. Yenilikləri öyrənə bilsin. Təhsil, səyahət, iş, karyera baxımından seçimləri çox olsun. Mən hamımıza bunu arzulayıram. 2024-cü ildə Azərbaycan COP29 kimi nəhəng, ciddi bir sammitə ev sahibliyi etdi. Mən vətənimi o qədər çox sevirəm ki, dövlətimin dünyadakı səsiylə qürurlanıram. Bayrağımla, əsgərimlə, şəhidimlə qürur duyuram. Şəhidlərimizin ruhu şad olsun. Görün, Qarabağda iki-üç ildə necə gözəl həyat başlayır. İnşallah, yaxın gələcəkdə bütün xalqımız öz doğma torpaqlarımızda yaşasın. Eyni zamanda şəhərlərimizdə də quruculuq işləri gedir. Yavaş-yavaş sakinlərimiz işğaldan azad edilən torpaqlarımıza köçür. Mən buna çox sevinirəm. 2025-ci ildə bunun sayı çox olsun. Hər kəsin həyatında uğurlar, ailəsinə bol-bərəkət arzu edirəm. - Bəs, qadin kimi özünüzə nə arzu edirsiniz? - Özümə bol sevgi, rahatlıq, hüzur, gənc qalmağı arzu edirəm. Bunun üzərində çalışıram. - Baxım və formada qalmaq üçün özünüzə nə qədər vaxt ayırırsınız? - Özümə hər gün vaxt ayırıram. İdman, yoqa ilə məşğul oluram. Sağlam qida ilə qidalanıram. Sadəcə işimlə bağlı bir az gec yatıram. Çünki gecə səhnədə oluruq. Gec yatmaq qadın üçün xeyirli deyil, amma orqanizmim, çox sağ olsun, məni incitmir. Orqanizmimi sağlam qida ilə saxlayıram. Çox şükür, pis vərdişlərim yoxdur, siqaret və içkidən uzağam. Bunlar gənc qalmağıma kömək edir. Bu qadın üçün çox vacibdir. - 2025-ci ildə ailə qurmağı düşünürsünüz? - Olar, bu suala cavab verməyim?.. Geri qayıt |