Əsas Səhifə > Şou-biznes > "Mədəniyyət oksigen ehtiyacından qurtulmuşların yaratdıqlarıdır..."
"Mədəniyyət oksigen ehtiyacından qurtulmuşların yaratdıqlarıdır..."4-10-2024, 09:30 |
Ölkədə keçirilən Beynəlxalq kitab sərgisinə cəmiyyətdə heç bir maraq yoxdur. Niyə? Biz cəmiyyəti mədəniyyət adı altında filoloji qannibalizmə öyrəşdirmişik. Mədəniyyət keçmişdə baş vermiş hadisədir bizə görə. Mədəniyyət hadisəsi indi və gələcəkdə baş verə bilməz. Ən yaxşı şair, filosof, mütəfəkkir ölü olandır. Mədəniyyətimiz hər yerdə ölü şairlərin, filosofların, mütəfəkkirlərin "ətini" yeyir. Azərbaycan dünya mədəniyyətdə ölülərlə təmsil olunur. Mədəni sərgilərə ölülər göndərilir, dünya dillərinə ölüllərin kitabları çap olunur, beynəlxalq mədəni mühitdə bircə dənə də diri azərbaycanlı yoxdur. Bu yaxınlarda TRT kanalında iki türk ədəbiyyatşünas Azərbaycan ədəbiyyatından danışırdı; onların nitqində Azərbaycan ədəbiyyatını ən gənc şairlər olaraq rəhmətlik Bəxtiyar Vahabzadə və Məhəmməd Hüseyn Şəhriyar təmsil edirdi. Son sözləri bu oldu ki, müasir Azərbaycan ədəbiyyatı hələ çox qədimdir. Teatrların, sərgilərin, mədəni tədbirlərin azərbaycanlısız qalmasının ən dərin səbəbi budur: dirilərin olduğu yerdə mədəniyyət yarana bilməz inancı. Mədəniyyət oksigen ehtiyacından qurtulmuşların yaratdıqlarıdır. Azərbaycan vətəndaşı öz müasirinin yaxşı roman yazacağına, yaxşı film çəkəcəyinə, yaxşı müsiqi bəstələyəcəyinə, yaxşı obraz yaradacağına inanmır!!! Ona görə bütün ictimai sərmayə ölülərə yatırılır. Çünki milli-mədəni qannibalizm bizi ən dadlı estetik qidanın ölülərin "əti" olduğuna inandırıb. Aqşin YENİSEY - diaaz.space Geri qayıt |