“Mən infarkt keçirmişəm. Havalar dəyişəndə çox pis oluram. Heç halım yoxdur. Özümü yaxşı hiss etmirəm. Heç yerə getmirəm, həyətə də çıxmıram. Evdə hər şeyi köməkçim edir, yeməkləri bişirir, evi yığışdırır, mənə nəzarət edir. Övladlarım da ara-sıra gəlib-gedirlər. Bir vaxtlar var idi ki, mən mətbəxdən çıxmırdım, bütün təamları özüm hazırlayırdım. Vaxt olub ki, gecə saat 3-ə qədər işlərimi görüb qurtarmışam, səhər saat 9-da da işdə olmuşam. Rəhmətlik Validlə işlərimizi birgə görürdük. Bizim ailədə heç vaxt mübahisə olmayıb. Mən heç vaxt ucadan onun səsini eşitməmişəm. İndi demək olar ki, ailə dəyərləri qalmayıb. Analar qızlarının evini yıxır. Ailənin dağılmasına təkan verirlər. Mənim anam demişdi ki, “ər evinə getsən, bir də bura qayıtma, o sənin doğmaca evin olacaq”. Bizə belə tərbiyə vermişdilər. Qızlar indi nə əri sayır, nə qaynananı, nə də qaynatanı. Dəhşətdir! Ən çox günah qadındadır. O gərək yola versin, pis şeyin üstünü örtsün, uşaqlara heç nəyi bildirməsin”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, diktor Ofeliya Sənani deyib.
O daha sonra bu günlərdə teatrdan uzaqlaşdırılan əməkdar artist Mehriban Xanlarovadan da danışıb:
“Onu işdən çıxarmaq heç düzgün qərar deyil. Görün nə qədər iş təcrübəsi var. Uzun illərdir teatrda işləyir, nə qədər rollar oynayır. Ayıbdır axı! Xəbərdarlıq etmək olardı, amma işdən çıxarmaq artıq son addımdır. Gözəl də aktrisadır, zəhmətkeşdir. Bəs onun əməyini niyə nəzərə almadılar? Nə qədər rollar yaradıb, işləyib. Adam işə gedəndə nə evdəkiləri düşünmür, nə də özünü. Əsas işi düşünürsən. Bunları niyə nəzərə almayıblar? Günahdır axı! Qoca anası var, eşitdiyimə görə bir neçə ailəyə baxır. Heç olmaya bunları nəzərə alardılar. İşdən azad etmək çıxış yolu deyil. Xəbərdarlıq edərdilər kaş, işdən çıxarmazdılar. Niyə onun əziyyətini yerə vurursuz?”, - deyə o bildirib.










