Əsas Səhifə > Siyasət, Manşet > Daşkəsəndə NƏ BAŞ VERİB: Şəhid anası nələri iddia edir...
Daşkəsəndə NƏ BAŞ VERİB: Şəhid anası nələri iddia edir...21-12-2021, 09:23 |
DİA.AZ: - Sosial şəbəkələrdə Daşkəsənin Dəstafur kənd sakini, şəhid anası Sevda Şıxıyevanın rayon icra hakimiyyətinin Dəstafur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lalə Cəfərova tərəfindən döyülməsi barədə iddialar yayılıb. DİA.AZ xəbər verir ki, bu barədə “Report” məlumat yaymışdı. Xəbərdə iddia olunurdu ki, “Baku TV, APA TV və “Space”in əməkdaşları hadisənin təfərrüatını araşdırdıqda hadisənin söylənilənlərin tam fərqli olduğu, şəhid anasının icra nümayəndəsini və qohumu Daşqın Cəfərovu döydüyü məlum olub. Baku TV-nin əməkdaşı Nazir Quliyev “Report”a bildirib ki, o həmkarları ilə hadisənin təfərrüatını araşdırıb. Media mənsubları əvvəlcə şəhid anasının xəsarət yetirdiyi və hazırda Gəncə şəhərindəki xəstəxanalarda müalicə edilən icra nümayəndəsi və qohumu ilə görüşüblər. İcra nümayəndəsi jurnalistlərə hadisə barədə ətraflı məlumat verib. Jurnalistlər bundan sonra hadisənin mahiyyətini ətraflı araşdırmaq üçün Daşkəsənin Dəstafur kəndinə gediblər. Lakin şəhidin anası “Space” telekanalının və APA TV-nin əməkdaşlarını hədələyib: “O, oğluna evin qapısını bağlayaraq bizi çölə buraxmamağı tapşırdı və görüntüləri tələb etdi. Biz ondan müsahibə almaq istədikdə qadın bundan imtina etdi”. APA TV-nin jurnalisti Fuad Nazimoğlu da bildirib ki, şəhidin ailə üzvləri onların evdən çıxmasına mane olublar: “Şəhidin ailə üzvləri, o cümlədən əri və oğlu qapını bağlayaraq bizi çölə buraxmadılar. Buna görə, bir neçə saat həyətdə qalmalı olduq. Şəhidin anası tələb etdi ki, mən görüntüləri lentə aldığımız videokameranın yaddaş kartını qırım. Yalnız videokameranın yaddaş kartını qırdıqdan sonra şəhidin ailə üzvləri bizi buraxdılar”. Onu da qeyd edək ki, bu olay geniş rezonans doğurub və demokratik.az saytı da Daşkəsənin Dəstəfur kəndində yaşayan şəhid anası Şıxıyeva Sevda İsrəfil qızı ilə kəndin icra nümayəndəsi Cəfərova Lalə Rafail qızı arasında son 1 ildə yaşanan münaqişə barəsində ilginc iddialar səsləndirib. DİA.AZ olaraq demokratik az-ın araşdırmasını təqdim edirik: "Dünən (srağagün -diaaz.space) xanım məmur və yaxınları kənddə bir araya gələrək şəhid anasına hücum ediblər. İki tərəf arasında yaşanan arzuedilməz fiziki zorakılıq nəticəsində şəhid anası da daxil, bir neçə şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Davaya rayon polis şöbəsinin əməkdaşları da cəlb edilib. Hadisənin sonunda şəhid anasının verdiyi açıqlamaya görə, onu bir qrup şəxs döyüb və bu tapşırığın icrasında Lalə Cəfərova da şəxsən iştirak edib. Hadisənin baş vermə səbəbi birmənalı açıqlanmasa da, aydın olur ki, ortaya düşmənçilik toxumu səpilib. Şəhid anası qarşı tərəfi şəhid oğluna sayğısızlıqda, kəndin yeganə şəhidinin dəfnində belə iştirak etməməkdə və digər qanunsuz əməllərdə suçlayır, əri bələdiyyə sədri, özü də icra nümayəndəsi olan şəxslərin kənddən çıxıb getməsini arzulayır. Digər tərəf isə rayonun icra başçısı Əhəd Abıyevin yarıtmaz idarəetmə metodlarına sığınaraq olayı siyasiləşdirməyə, şəhid ailəsinə qarşı aqressiyaya və "ifşaedici" manevrlərə cəhdlər edirlər. Bu isə münaqişəni süni şəkildə dərinləşdirir, konfliktin uzanmasına əsaslar yaradır. Daşkəsən icra hakimiyyətinin adından indiyədək yayılan açıqlamalar da məhz şəhid anasının incik ruhuna sus səpməyə, övlad itkisinə səbr diləməyə, onun şikayətlərinə hüzur gətirməyə deyil, sanki onu qızışdırmağa, siyasiləşdirməyə yönəlib desək yanılmarıq. Daşkəsən İHB-nin açıqlamasından SİTAT: "Sevda Şıxıyevanı bacısı oğlu, Daşkəsən rayon Muşavaq kənd sakini, dövlət çevrilişi ilə bağlı təqsirləndirilərək 13 il həbs cəzası çəkən Məmmədov Asif Rəcəb oğlu öyrədərək, ona müxtəlif tapşırıqlar verir. Sevda Şıxıyeva da şəhid anası adından istifadə edərək Daşkəsən rayonunun Dəstəfur kəndində qarşıdurma yaradır"-sitatın sonu... Göründüyü kimi, icra hakimiyyəti və şəxsən Əhəd Abıyev ilk başdan adıkeçən şəhid anasına qarşı qeyri-adekvat mövqedə dayanmaqla, hətta şəhidin ailəsində baş verən bir sıra şəxsi məlumatları da şikayətçinin əleyhinə şantaj kimi istifadə etməklə vətəndaş-məmur münasibətlərindəki uçurumu, anlaşılmazlığı bir az da dərinləşdirir, məqsədli intiriqa yaradır. Bu fakt da göstərir ki, Əhəd Abıyev Daşkəsəndə özünü prezidentin səlahiyyətli nümayəndəsi adına yaraşan şəxsiyyət kimi deyil, daha çox uğursuz intirant siyasətçi kimi aparır. Bir şəhid anasını anlamayan, dinləməyən və dərdinə dinclik gətirə bilməyən birinin əslində eyni rayonda 10 ildir ki, icra başçısı işləməsi bütün Daşkəsənlilər üçün rəzalətdir. Vətəndaşlarla ünsiyyətdə səmimi ola bilməyən biri əgər oğlunu şəhid vermiş bir ananın fəryadında da siyasi motiv axtarıb tapırsa, problemi həll etmək əvəzinə məmurunu savunub biçarə vətəndaşın üstünə yeriyirsə..." İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |