Əsas Səhifə > Siyasət, Manşet > Beyləqanda əcaib mənzərə...
Beyləqanda əcaib mənzərə...6-01-2020, 11:56 |
Əvvəllər mühüm rəhbər vəzifələrə kadr təyin edəndə namizədin tərcümeyi-halı ciddi araşdırılar, məsələn, həmin şəxsin özünün və yaxın adamlarının məhkumluğunun, xaricdə qohumunun olub-olmadığı müəyyənləşdirilər, bir sözlə, Vətənə, dövlətə, dövlətçiliyə xidmət etməsi üçün bir sıra vacib kriterilərə uyğun gəlib-gəlməməsi səylə yoxlanılardı. Eyni zamanda, belə bir stereotip mövcuddur ki, bu cür sərt yoxlama prosedurundan hərbidə, polisdə, xüsusi xidmət orqanlarında xidmət edəcək şəxslər keçirilməlidir, digər kateqoriyalardan olan potensial kadrların, məsələn, dövlət qulluqçuları olmayan müəllimlərin zərrəbindən keçirilməsi zəruri deyildir. Amma torpaqları işğal altında olan Azərbaycan üçün yetişməkdə olan nəslin təlim-tərbiyəsinin, o cümlədən, vətənpərvərlik tərbiyəsinin necə strateji əhəmiyyət daşıdığını nəzərə alanda təhsil işçilərinin də bioqrafiyasının həmin şərtlərə cavab verməsi labüd görünür. Bu məsələ bir neçə il öncə ölkəmizin təhsil sistemində FETÖ hörgütü tərəfindən yönətilən müəssisələrin və onlarda çalışan müəllimlərin neytrallaşdırılmasından dolayı aktuallaşmışdı. Son illər Beyləqan rayon Təhsil Şöbəsinə rəhbər kadr seçimində isə ümumiyyətlə, heç bir konstruktiv meyar gözlənilmir. Axırıncı 3 il ərzində RTŞ müdiri vəzifəsinə 3 dəfə təyinat olub. Təhsil Nazirliyinin etimad göstərdiyi nə Xuraman Rüstəmova, nə Tahir Həsənov üzərlərinə düşən mühüm vəzifənin öhdəsindən gələ bilmədilər və rayon təhsilini tənəzzülə uğratdılar. Hələlik sonuncu olan Həsən Həşimov isə rəhbərlik etdiyi sistemi süquta sürükləyir desək, yanılmarıq. Bunun bir səbəbini də ilk əyintidə – Həsən Həşimovun karyerasındakı qaranlıq məqamlarda axtarmaq lazımdır. Əldə etdiyimiz səhih məlumat görə, o, zabit kimi 8 il xidmət etdiyi Dövlət Sərhəd Xidmətindən məhz yol verdiyi ciddi qanun pozuntularına, qaçaqmalçılarla əlbir olduğuna görə xaric edilib. Sözsüz ki, onun öz xoşu ilə ərizə yazaraq hərbi qulluğu tərk etməsi inandırıcı deyil. O da bildirilir ki, Həsən Həşimov öz karyera yolundakı şübhəli məqamları “ört-basdır” etmək üçün Səfərbərlik Xidmətinin rayon şöbəsindən və digər əlaqəli qurumlardan saxta arayışlar alaraq sonrakı həyatının rahatlığını təmin edib. Bir başqa informasiyaya görə, Həşimov hərbidən “düzüb-qoşduğu” xəstəlik səbəbilə pensiyaya çıxıb. Bundan sonra mülki cəmiyyətdə əməkfəaliyyətinə Beyləqan rayon Xalac kənd orta məktəbində müəllim kimi başlayıb. Sonra da hansısa “qoruyucu mələyinin” köməyi ilə RTŞ müdiri postuna keçid alıb.Düşünürük ki, xüsusi xidmət orqanları Həşimovun dosyesini ciddi araşdırsalar, onun necə yalançı, necə düzənbaz olduğunu üzə çıxararlar. RealMediaaz.space olaraq qarşı tərəfində söz haqqını tanıyırıq. Geri qayıt |